“Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər.”

Bunu Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib.

O, bal ixracının az olmasını Azərbaycanda  balın az olmasında deyil, ixrac işinin həm də yaxşı təşkil olunmamasında görür.

“Azərbaycan balının çox cüzi hissəsi xaricə ixrac edilir. Bunun səbəbi az bal istehsal etməyimiz deyil, ortada başqa amillər var. Birinci səbəb odur ki, Azərbaycanda balın qiyməti dünya qiymətlərindən ən azı, 3 dəfə yüksəkdir. Balın qiyməti yüksək olduğuna görə xarici alıcılar Azərbaycan balına o qədər də maraq göstərmirlər. Digər məsələ odur ki, sifarişçilər arıçılardan böyük miqdarda bal alarkən məhsulun hamısının eyni növə aid olmasını, yəni bütün balların eyni cür olmasını istəyirlər. Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər. Müxtəlif balları birləşdirib eyni bal növünə salmaq üçün tələb olunan avadanlıqlar da yalnız bir necə arıçıda var. Balın çox az ixrac edilməsinin səbəblərindən biri də ixrac işinin təşkil edilməməsidir. Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır”, - deyə sədr bildirib.

 Elxan Ələkbərov  qeyd edib ki, dünyada akasiya balı çoxdur, amma biyan balı azdır.

“Biyan müalicəvi bitki olduğundan onun balı qiymətlidir. Biz də biyan balını Azərbaycan markası olaraq, dünya bazarına çıxara bilərik”, - o, deyib.

 

JASMİN