Deputat Razi Nurullayev haqlı olaraq qeyd etdi ki, bu qurumun səlahiyyətləri Milli Məclisə verilməlidir

Bu günlərdə Tarif Şurası yenə də qəflət yuxusundan ayılıb, xalqın xeyrinə... üzr isyəyirəm, bu şura heç vaxt xalqın xeyrinə qərar qəbul etmir, əleyhinə qərar qəbul etdi. Yenə qazın qiyməti qaldırıldı. Özü də maraqlıdır ki, gündüz bir qiymət, axşam saat 20:00-dan 22:00-dək bir qiymət, 22:00-dan səhərə kimi isə başqa bir qiymət təyin olundu. Sual olunur: gecə qazın qiymətinin aşağı edilməsində məqsəd nədir? Axı vətəndaşlar gecə yatırlar və qazın istifadəsinə heç bir ehtiyac yoxdur. Pardon, burda məsələ bir az başqa cürdür. Axı bizim məmurların bir çox sexləri gecələr işləyir. Deməli, bu qazın qiymətinin gecələr ucuz qiymətləndirilməsi hansısa məmurların xeyrinədir. Bu, nə deməkdir? Onda gəlin bunun adını məmurların Tarif Şurası qoyaq. Nə isə. 5-6 nəfər oturub xalqın taleyüklü məsələsinə qərar verir, 10 milyon xalq isə narazılıq edir. Amma 10 milyon xalqın yox, Tarif Şurasının üzvü olan 5-6 nəfərin səsi daha önəmli sayılır. Artıq öyrəncəli olduğumuzdan daha cınqırımızı da çıxarmırıq. 

Amma sağ olsun, yenə millət vəkili Razi Nurullayevi. O, Milli Məclisdə haqlı olaraq məsələ qaldırıb ki, xalqın taleyüklü məsələsini 5-6 nəfər həll edə bilməz. Deputat öz çıxışında belə deyib: “10 milyonluq xalqın gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, xalqı təmsil edən deputatlar qəbul etməlidir”.

Bundan sonra Razi Nurullayev təklif edib ki, Tarif Şurası ləğv edilsin və səlahiyyətləri Milli Məclisə verilsin: “Çünki Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırmalar tutarlı deyil”.

Millət vəkili çox düzgün olaraq qeyd edir ki, Tarif Şurasının səlahiyyətləri Milli Məclisə verilməlidir. Doğrudan da necə ola bilər ki, insanların həyatını dəyişən bir qanunu 5-6 nəfər qəbul etməlidir? Əgər hər hansı bir qiymət artımı olmalıdırsa, Tarif Şurası onu Milli Məclisə göndərməli və burada aidiyyəti qurumun rəsmiləri qiymət artımını əsaslandırmalıdırlar. Necə olur ki, Gürcüstana satdığımız qaz orada bizim qiymətlərdən ucuzdur? Deməli, yenə burada hansısa məmurun barmağı var. 10 milyonluq əhalinin taleyi haqqında qərar 5-6 nəfərlə yox, Razi Nurullayev demiş, xalqın seçdiyi deputarların, QHT-lərin iştirakı ilə keçirilən müzakirələrdən sonra verilməlidir. Müzakirələr zamanı isə, məlum olacaq ki, hər hansı məhsulun qiymət artımına lüzum var, yoxsa yox? Amma biz nə görürük? Axşam yatırıq, səhər durub görürük ki, qazın, işığın, benzinin, suyun qiymətini Tarif Şurası gecə qaldırıb. Belə çıxır ki, Tarif Şurası Nazirlər Kabinetinin, Parlamentin funksiyalarını mənimsəyib? Axı əhalinin taleyində mühüm hadisə olan bu qiymət artımı haqqında qərarı ya Nazirlər Kabineti verməlidir, ya da Parlament. Qiymət artımı isə əhalidə istər-istəməz ciddi narazılıq yaradır. Xüsusilə əhalinin aztəminatlı hissəsi, pensiyaçılar bu qərarlardan çox ciddi əziyyət çəkirlər. Amma Tarif Şurasında təmsil olunan 5-6 nəfər bu hal barədə fikirləşmir.

İqtisadçı alim, keçmiş deputat Nazim Bəydəmirli isə bu barədə mətbuata belə açıqlama verib: “Problem ondadır ki, qərarların qəbul olunma mexanizmi kollegial deyil. SOCAR, “Azərsu”, “Azəriqaz”, “Azərişıq” və s. qurumların verdikləri xidmətin maya dəyəri hələ də müəmmalı olaraq qalır. Fikrimcə, bu qiymətlərin maya dəyəri kifayət qədər şişirdilir. Ölkə başçısı da bu məqamı qeyd etmişdi və bildirmişdi ki, investisiya layıhələri dövlət büdcəsi hesabına aparılırsa, deməli, bu qurumlar öhdəliklərini yerinə yetirə bilmirlər. Üstəlik, xarici kreditlərlə borclanırlar və sonra həmin borclar dövlət büdcəsindən ödənilir. Əslində Milli Məclisin indiki səlahiyyətləri imkan verir ki, hökumət nümayəndələrini, Tarif Şurasının üzvlərini Milli Məclisə çağırsınlar və onlardan qiymət artımının əsaslandırılmasını tələb etsinlər”.

Edə bilərlərmi? Çətin! Sizi inandırım ki, belə bir sorğu olsa, nə qiymətin qaldırılması haqqında müraciət edən qurumların rəsmiləri, nə də bir gecəykən qiymət artımına qərar verən Tarif Şurasının o 5-6 nəfər üzvü qiymət artımını heç cürə əsaslandıra bilməyəcəklər. Çünki qiymət artımının heç bir əsası yoxdur. Deputatlar və ekspertlər də bu qənaətdədirlər. Özü də nə sirdirsə, hər hansı bir məhsulun qiymətinin artırılması üçün nə aidiyyəti qurumun nə vaxt müraciət etməsindən, nə də Tarif Şurasının onu  nə vaxt müzkirə etməsindən heç kimin xəbəri olmur. Elə bircə onu eşidirik ki, Tarif Şurası hansısa məhsulun qiymətini gecəykən qaldırıb. Sanki erməni diversantları gecəykən Qarabağın hansısa ərazisinə keçib mina basdırırlar. Tarif Şurasının üzvləri də erməni diversantları kimi gecələr işləyirlər, amma onlar minanı əraziyə yox, əhalinin cibinə qoyurlar və nəticədə, bu “mina”lar, əhalini sözün əsl mənasında cibini də, ürəyini də partladır. Görəsən, həmin o 5-6 nəfərə, nəhayət, “dur” deyən olacaqmı? Axı insanlar arasında bu qədər narazılıq yaratmaq yalnız dövlətin əleyhinə işləyən insanların və ya “5-ci kolon”un üzvlərinin əməlidir. İnsanlar bu dəqiqə pandemiyadan və pandemiyanın yaratdığı işsizlikdən olmazın müsibətlər yaşayırlar. Bu tərəfdən də hər hansı bir xidmət növünün qaldırılması insanlara arxadan vurulan zərbədir.

İnanıram ki, Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva, nəhayət, bu məsələlərə öz münasibətlərini bildirəcəklər. Ya qiymət artımına son qoyulacaq, ya əmək haqları da bu artıma uyğun olaraq artırılacaq, ya da Tarif Şurası ləğv edilərək səlahiyyətləri, deputatın dediyi kimi, Milli Məclisə veriləcək. Çünki belə köklü və qlobal məsələnin həllini 5-6 nəfərin ümidinə qoymaq olmaz.

ELÇİN