İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

MİDA 24.09.2022-ci il tarixində keçirilən mənzil satışının statistikasını açıqlayıb. Mənzil seçimində 8103 nəfər iştirak edib, yəni təxminən hər 10 nəfər iddiaçıdan biri mənzil sahibi olub.

Bu barədə Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz fikirlərini bölüşüb.

Ekspert bəzi rəqəmlərə diqqət çəkib - mənzilə ilk baxışın keçirilməsi 30.8-ci saniyədə baş tutub.

“Biz onlayn satış prosesinə ictimai nəzarət çərçivəsində müşahidə apararkən ilk baxışın 31-ci saniyədə olduğunu bildirmişdik.  Göründüyü kimi 0.2 saniyə xəta etmişik”, - deyə Osman Gündüz vurğulayıb.

Daha sonra o, bildirib ki, mənzil seçiminin təsdiqlənməsi ilk olaraq təxminən 36-cı saniyədə baş tutub:

“Satışdakı sonuncu mənzilə baxışın keçirilməsi 1.28-də, yəni 1 dəq. 28-ci saniyədə baş tutub.

Bu anlaşıqlı olaraq o deməkdir ki, artıq 1 dəq. 28 saniyədən sonra bütün mənzillər baxış prosesində olub. Yəni bu andan sonra kimsə baxış üçün mənzil seçimi edə bilməzdi. Sonuncu mənzil seçiminin təsdiqlənməsi isə 1.37-də, yəni 1 dəq. 37-ci saniyədə baş tutub. Yəni bu andan etibarən sistemdə seçim üçün heç bir mənzil olmayıb”, - deyə qeyd edib.

Osman Gündüz MİDA-nın statistikada hər bir mənzilin baxış və seçim müddətini, həmçinin seçənin hansı kateqoriyadan olduğunu qeyd etdiyini bildirib.

“Beləliklə, MİDA-nın bu satışı əvvəlkilərdən xeyli fərqlənib. Bir neçə dövlət qurumunun səyləri ilə satış uğurla başa çatıb. Sistemdə aparılan təhlükəsizlik tədbirləri botlara və robotlara seçim imkanı verməyib. Eyni zamanda qeyd etmək lazımdır ki, DEMO ilə bağlı yetərli məlumat olmadığından bəzi istifadəçilərin seçimi uğurlu olmayib.

Gələcəkdə MİDA "Güzəştli mənzil” sisteminin daha da təkmilləşdirilməsi, DEMO ilə bağlı daha ətraflı məlumatların çatdırılması, satışa az qalmış daha əhatəli məlumatların verilməsi, xüsusilə də yeni bir alternativ satış üsulunun təqdim olunması istiqamətində səylərini gücləndirməlidir”, - ekspert diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət əvvəl MİDA-nın "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə məlumatında qeyd edilmişdi ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.

...Aylar sonra – sentyabrın ortasında da MİDA 815 mənzili satışa çıxarmaq istədi, lakin yenidən, həm də iri həcmli kiberhücuma məruz qaldı.

Nəhayət ki, sentyabrın 24-də MİDA "Güzəştli mənzil" sistemi vasitəsilə satışı gerçəkləşdirə bilib.

 

JASMİN