“Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Artıq bu gün ölkəmiz, eyni zamanda, qaz ixracatçısı kimi də nüfuz qazanır.

Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də  uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bu məqamı xüsusi qeyd etdi ki,  istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.”

Bu fikirləri siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib. Vüqar Rəhimzadə qeyd edib ki,   Azərbaycanın müəllifi və iştirakçısı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrildi: “Nəhəng  ixrac infrastrukturuna malik olan, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bu gün ölkəmizdən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya “mavi yanacaq” ixrac edilir. Gürcüstana qaz Cənubi Qafqaz  Boru Kəməri ilə çatdırılır. Türkiyə Azərbaycan qazını Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP-la  alır. Avropaya isə ölkəmizdən qaz nəqlinə 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın  işə düşməsi ilə başlanılıb. Bu gün dünyada yeni çağırışlarla əlaqədar olaraq Azərbaycan qazına tələbat artır. Bu il oktyabrın 1-də Bolqarıstanın  paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. İnterkonnektorun açılış mərasimindəki çıxışında dövlət başçısı  İlham Əliyev Azərbaycan qazının ixracı və onun potensialı məsələlərinə toxunaraq bildirdi ki, ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il  ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaq.”

 Baş redaktor bu mühüm məqamı da diqqətə çatdırıb ki, bu ilin   iyul ayında  Avropa Komissiyasının  Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalandı. Bu sənədə  əsasən, 2027-ci ilə qədər  təbii qazın təchizat həcminin ən azı iki dəfə artırılması  planlaşdırılır.  Bunun üçün geniş potensial mövcuddur. Buna əminlik yaradan əsas məqamlardan biri  gələcək illərdə istismara verilməsi  planlaşdırılan “Abşeron”, “Ümid”, “Babək”, “Asiman”, “Şəfəq” və başqa yataqlardır. Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində öz payı olan  SOCAR-da dövrün, zamanın tələblərinə uyğun islahatların aparılması, yeni  rəhbərlik, şəffaflıq və səmərəliliyin artırılması qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.

  Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan yaxın zamanlarda  yalnız  neft və qaz deyil,  eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi də tanınacaq: “Hazırkı dövrün əsas tələbləri sırasında  bərpa olunan enerji növlərinə investisiyaların yatırılması mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev sözügedən konfrans çərçivəsində iştirakçıların suallarını cavablandırarkən bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, nəhəng potensialdan istifadə etmək vaxtı yetişib. Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlil aparılıb. Günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə dünyada ikincidir. Bu əminlik ifadə edilir ki, enerji şirkətləri  nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və ölkəmizin ən günəşli yerlərindən biri olan Cəbrayıla da nəzər yetirəcəklər.”

 Azərbaycanın Avropa İttifaqının 9, yəni, quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını xüsusi qeyd edən baş redaktor  bildirib ki, qarşılıqlı anlaşma şəraitində davam edən əlaqələr əməkdaşlığın xarakterini nümayiş etdirir: “Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətindən, ölkəmizin qitə dövlətlərinin enerji təchizatındakı əvəzedilməz rolundan geniş bəhs edən Prezident İlham Əliyev bildirir ki, bu sənəd qitə dövlətlərinin enerji tərəfdaşlığını daha da gücləndirir. Avropa İttifaqının rəsmiləri Azərbaycanı qitə dövlətləri üçün bütün sahələrdə etibarlı  tərəfdaş  kimi dəyərləndirirlər. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə, həmçinin telefon danışıqlarında Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin icrasında qurumun dəstəyini xüsusi önə çəkir. Regionda sabitliyin yaranmasında maraqlı olan Avropa İttifaqı qitənin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu dəstəkləyir.”

Vüqar Rəhimzadə qısa təhlil əsasında bu reallığı da xüsusi diqqətə çatdırıb ki, uğurlarımızın təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Təbii ki, “Əsrin müqaviləsi” imzalanmasaydı nə ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə çevirən BTC və BTƏ neft-qaz layihələrindən, nə də çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizindən danışmaq mümkün olardı.  Enerjiyə olan  daxili tələbatını ödəyən  Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edir. Azərbaycanın malik olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır.

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA