Dövlət borcunun ən yüksək olduğu, ÜDM-nin 200%-i keçdiyi ölkə Yaponiyadır.

Böyük Britaniya, ABŞ və Avrozonada  da yüksək borc yaranıb - ÜDM-nin 100%-dən çox...

Bunu İnvestisiya Analizi və Makroiqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Daniil Nametkin Rusiya KİV-ə bildirib. O, Beynəlxalq Maliyyə İnstitutu ((IIF) və İƏİT-ə istinadən, 2020-ci ilin sonunun göstəricisinə görə, dünyada ÜDM-ə olan dövlət borcunun ümumi həcminin 105% təşkil etdiyini söyləyib.

Lakin o, bir çox böyük dövlətlərdə borc yükünün həddən artıq səviyyəsinə baxmayaraq, yaxın gələcəkdə borc xidmətində problemlərin olmasının  gözlənilmədiyini də vurğulayıb.

"Dövlət borcunun ən yüksək səviyyəsi əsasən inkişaf etmiş ölkələr arasında müşahidə olunur: Yaponiya - 234%, Böyük Britaniya - 144%, ABŞ - 160%, avrozona - 120,4%", - deyə o, bildirib.

Göründüyü kimi, pandemiyada borca batan ölkələr də ən inkişaf etmiş ölkələrdir.

Bəs, Azərbaycanda vəziyyət nə yerdədir?

Maliyyə Nazirliyinin  01 yanvar 2021-ci il tarixinə olan məlumatına görə, Azərbaycanda  birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil etmişdir.

01 yanvar 2021-ci il tarixinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 milyard 100.4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19,0 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil etmişdir. 

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. 

JASMİN