Yoxsulların sayı əvvəlki illərə nisbətən artıb və pul əsasən ərzağa xərclənir.

 Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova Qazaxıstanda yoxsulların sayının artdığını təsdiqləyib.

“Ölkədə aztəminatlı insanların sayı artıb. Əgər əvvəlki illərdə yoxsulların sayı 4,9 faiz idisə, bu il bu rəqəm 5,1 faizə çatıb”, - deyə Tamara Duysenova ƏƏSM-də keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yüksək inflyasiya vətəndaşların gəlirlərinin böyük hissəsini alır.

“Vətəndaşlar ərzaq məhsulların alınmasına daha çox pul xərcləyirlər. Məsələn, 150 min təngədən danışsaq, indi bu pulun 60-70 faizi yeməyə gedir. Beləliklə, ailənin gələcək inkişafı üçün qalan vəsait azaldı. Təbii ki, bu vəziyyət hər bir ailənin büdcəsinə təsir edir”, - deyə Əmək Nazirliyinin rəhbəri qeyd edib.

***

 Qeyd edək ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda yoxsulların sayı 600 min nəfərdir.

Dövlət Statistika Komitəsinin (DSK) 2021-ci ilin sonuna olan statistik məlumatına görə, ölkə əhalisinin 5.9 faizinin yoxsul olduğu ortaya çıxıb. 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, ölkədə 10 milyon 156 min nəfər yaşadığı bildirilirdi. Bu o deməkdir ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda 600 min yoxsul şəxs var. Bu rəqəm 2020-ci illə müqayisə aşağı olsa da, hələ də pandemiyaöncəsi göstəricilərdən yüksəkdir. Xatırladaq ki, 2019-cu ildə ölkədə yoxsulluq göstəricisi 4.8% idi.

Nəzərə alaq ki,  hələlik ölkəmizdə yoxsulların sayı ilə bağlı 2022-ci ilin sonuna olan rəsmi rəqəmlər açıqlanmayıb.

Y.MƏMMƏDLİ