booked.netbooked.net booked.net  

Sabahdan pensiyaların ödənilməsinə başlanılır. Bu il ilk dəfə olaraq ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili pensiyalarda ödəniləcək məbləğ ilə bağlı sosial şəbəkədə xeyili suallar ünvanlandığından bir sıra məsələləri xüsusi qeyd etmək istədiyini deyib.

“ Bu il pensiyaçılara yardım aylıq yoxsa rüblük ödəniləcək?

- Bu sual daha çox ünvanlandığından qeyd etmək istərdik ki, bu aydan pensiya məbləğinə hesablanan 16.7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır. Belə ki, “Əmək Pensiyası” haqqında qanuna bu ildən edilən dəyişikliklərə əsasən, yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Bu, ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq, pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu aylıq 16.7 manat deməkdir (200 manat/12 ay=16.7 manat). Bu isə o deməkdir ki, 16.7 manat məhz ötən ilki yardım artıq aylıq məbləğə əlavə olunmasıdır. Bu baxımdan, artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 300 manat pensiya alan vətəndaşımıza yanvar ayında 316.7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir”, -deyə Vüqar Bayramov suala cavab verib.

“Yardıma görə əlavə hər ayın pensiyasında nəzərə alınacaqmı?

- Bu yardım artıq pensiya məbləğinin bir hissəsi olur. Yəni, 300 manat pensiya alan vətəndaşın pensiyası indi 316.7 manatdır. Bu isə aylıq pensiya məbləğidir. Amma heç də bu ay üçün yeganə artım deyil”, - deyə vurğulayıb.

Vüqar Bayramov 300 manat pensiya alan vətəndaşların ikinci artım faizini də hesablayaraq təqdim edib.

 “Pensiyada ikinci artım necə hesablanacaq?

-Bir daha qeyd etmək istərdik ki, ikinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq.

Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 15.0 faiz = 47.50 manat. Qeyd edim ki, 15.0 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat= 364.2 manat. Bu artım hər ay ödəniləcək”, - bildirib.

Daha sonra o, fevral ayında veriləcək pensiya məbləğinin yanvar ayından fərqinin necə ola biləcəyi sualını da cavablandırıb. Onun sözlərinə görə, vətəndaşlar yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat pensiya alacaqlar.

“Birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat (yanvar üzrə indeksasiya artımı) + 47.50 manat (fevral üzrə indeksasiya artımı) = 411.7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat alacaq” - deyib.

Millət vəkili əlavə edib ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər, amma ümumi mexanizm artıq təsdiq edilib.

“Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəm ilə müqayisədə ciddi dəyişiklik gözlənilmir”, - deyə o, diqqətə çatdırıb.

Xatırladaq ki,  Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN