18 milyard avroluq makromaliyyə yardımı "ölkənin yaşamasına" yönəldiləcək və Aİ ilə razılaşdırılaraq müdafiə və təhlükəsizliyə xərclənməməlidir.

“European Pravda”da dərc olunan məqalədə bu haqda Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişinanın bildirdiyi qeyd edilib.

"Makromaliyyə yardımı vəsaitləri ümumi büdcə fonduna yönəldilir, buradan bütün xərclər maliyyələşir. Lakin bizim Aİ ilə razılaşmamız var və biz ona əməl edirik ki, onların vəsaitləri humanitar ehtiyaclara gedir və təhlükəsizlik və müdafiə sektorlarını maliyyələşdirməyə sərf olunmayacaq”, - Stefanişina bildirib.

Baş nazirin müavini ümid edir ki, Ukrayna 18 milyard avronu tam şəkildə alacaq.

Bizim əsas arqumentlərimizdən biri bu idi ki, bu, ölkənin yaşaması üçün vasitədir", - o, bildirib və əlavə edib ki, 2022-ci ilin pis təcrübəsindən sonra problemlərin ortaya çıxmasını istisna etmək mümkün deyil.

“Amma Avropa Komissiyası da bu təcrübədən dərs alıb”, - Stefanişina vurğulayıb.

Kiyev və Brüssel arasında razılaşmalar 3 milyard avroluq birinci tranşın şərtsiz həyata keçirilməsini nəzərdə tutur. Kiyev bu pulu yanvarda alacağını gözləyir.

Kiyev növbəti 15 milyard avronu yalnız öz öhdəliklərinin yerinə yetirilməsinə görə alacaq. Gələcəkdə bəzi əsas islahatların geri qaytarılması halında, Ukrayna faizsiz kredit hüququnu itirmək riski ilə üzləşir – memoranduma əsasən, bu halda Aİ “faiz subsidiyasını” dayandırmalıdır.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və Ukraynada başladılan müharibə bu günədək davam etməkdədir...

 

Y.MƏMMƏDLİ