Ukrayna 2022-ci ildə məhsul ixracından 44,2 milyard dollar gəlir əldə edib - ixracın dəyəri 2021-ci illə müqayisədə 35%, fiziki həcmlər isə 38,4% azalıb

2022-ci ildə Ukrayna 55,5 milyard dollar dəyərində mal idxal edib və Çin ən böyük tədarükçüsü olub.

Ukrayna Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin məlumatına görə, Ukraynaya ən çox idxal edən ölkələr Çin - 8,7 milyard dollar, Polşa - 5,5 milyard və Almaniya - 4,4 milyard dollar olub.

Ən çox Ukraynaya aşağıdakı kateqoriyalı mallar idxal edilib: maşın, avadanlıq və nəqliyyat - 16 milyard dollarlıq, yanacaq və enerji məhsulları - 13,1 milyard dollarlıq və kimya məhsulları - 9,6 milyard dollarlıq. Eyni zamanda, Ukrayna 2022-ci ildə məhsul ixracından 44,2 milyard dollar gəlir əldə edib. Ukraynanın ən çox məhsul ixrac etdiyi ölkələrin ilk üçlüyü isə belədir: Polşaya - 6,7 milyard dollarlıq, Rumıniyaya - 3,9 milyard dollarlıq, Türkiyəyə isə 2,9 milyard dollarlıq.

 Ukraynadan ən çox ixrac edilən mallar üçlüyünə daxildir: ərzaq məhsulları - 23,4 milyard dollar, metallar və metal məmulatları - 6 milyard dollar, maşın, avadanlıq və nəqliyyat - 4,2 milyard dollar.

 Ukraynanın İqtisadiyyat və Ticarət Nümayəndəsinin müavini Taras Kaçkanın sözlərinə görə, 2022-ci ildə müharibə zamanı Ukrayna biznesi 44,1 milyard dollar dəyərində və 99,8 milyon ton ağırlığında mal ixrac edib.

 İxracın dəyəri 2021-ci illə müqayisədə 35%, fiziki həcmlər isə 38,4% azalıb.

 Mallar arasında pul (və həcm) baxımından liderlik edən qarğıdalıdır. Bu məhsulun ixracı 24,99 milyon ton olmaqla, 5,94 milyard dollar təşkil edib. İkinci yerdə günəbaxan yağı gəlir - 5,46 milyard dollar.

 Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində ölkənin kənd təsərrüfatı sektoruna da ağır zərbə dəyib. Ukraynanın həm əkinə yararlı torpaqlarının böyük bir hissəsi becərilmir, həm də ölkədən məhsul ixracı da çətinləşmişdi. Dünyanın bir çox ölkələri aclıqla, ərzaq böhranı ilə üz-üzə idi. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyi sayəsində - Türkiyənin təminatçılığı, Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə cari ilin iyulun 22-də Rusiya və Ukrayna arasında taxıl və digər ərzaq məhsullarının təhlükəsiz şəkildə limanlardan çıxarılması üçün dəniz dəhlizinin yaradılması haqqında anlaşma imzalandı.

 

JASMİN