AK sədri əminliklə tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatını çökdürəcəyindən danışıb. 

***

Ukraynanın işğalından sonra Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar onun iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyəcək.

Bu fikri Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Sədr vurğulayıb ki, bu gün Avropa ölkələri Ukraynanı getdikcə daha çox kritik əhəmiyyətli silahlarla təmin edir.

“ Biz dörd milyona yaxın ukraynalını şəhərlərimizdə, evlərimizdə və məktəblərimizdə qəbul edirik. Biz Rusiya iqtisadiyyatını onillik reqressiya ilə üz-üzə qoyan tarixin ən güclü sanksiyalarını tətbiq etdik və onun sənayesi istənilən müasir və kritik texnologiyalardan məhrumdur”, - deyə fon der Leyen bildirib.

O, Rusiyanın cinayətlərinin cəzasız qalmayacağını, elektrik, istilik və su təchizatının bərpasına yardımdan tutmuş, uzunmüddətli yenidənqurma işlərinə hazırlığa qədər Ukraynaya Qərbin dəstəyini dayandırmayacağını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Aİ-dən ümumilikdə 18 milyard avroluq makromaliyyə yardımının 3 milyard avroluq birinci tranşını alıb.

***

Xatırladaq ki, Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina ötən gün brifinqdə diqqətə çatdırıb ki, 18 milyard avroluq makromaliyyə yardımı "ölkənin yaşamasına" yönəldiləcək və Aİ ilə razılaşdırılaraq müdafiə və təhlükəsizliyə xərclənməməlidir.

Kiyev növbəti 15 milyard avronu yalnız öz öhdəliklərinin yerinə yetirilməsinə görə alacaq. Gələcəkdə bəzi əsas islahatların geri qaytarılması halında, Ukrayna faizsiz kredit hüququnu itirmək riski ilə üzləşir – memoranduma əsasən, bu halda Aİ “faiz subsidiyasını” dayandırmalıdır.

Y.MƏMMƏDLİ