Rusiya prezidenti Vladimir Putinin Aİ və G7 ölkələrinin tətbiq etdiyi neftin maksimal “qiymətinin tavanı”na qarşı cavab tədbirləri haqqında fərmanı bu gün qüvvəyə minir.

Fevralın 1-dən etibarən limit qiymətləri çərçivəsində yerli neftin tədarükü qadağandır. 

Martın 1-dək ixrac olunan neftin qiymətlərinin monitorinqinin aparılması qaydası Rusiya Energetika Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə birlikdə təsdiq ediləcək.

2022-ci ildə Rusiya neft hasilatı 2% artaraq 535 milyon tona çatıb.

Qeyd edək ki, BVF-nin proqnozuna görə, 2023-cü ildə neft ucuzlaşmaqda davam edəcək və 81 dollara qədər ucuzlaşacaq.

Xatırladaq ki, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı dekabrın 5-də Rusiyadan neft tədarükünün maksimal qiymətini məhdudlaşdırmaq üçün rejim tətbiq ediblər və bir barrel üçün qiymət həddi 60 dollardır.

Daha sonra Prezident Vladimir Putin də Rusiya neftinə “qiymət tavanı”nın tətbiqinə cavab tədbirləri haqqında fərman imzaladı. Fərmanda bildirilib ki, “qiymət tavanı”nda iştirak edən ölkələrə neft və neft məhsulları satılmayacaq.

Fərman 2023-cü il fevralın 1-dən, yəni bu gündən etibarən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Onu da qeyd edək ki, Bloombergin məlumatına görə, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Kremlə gündə 160 milyon avroya başa gəlir.

 Rusiyanın itkiləri Helsinki Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) tərəfindən hesablanıb. Fevralın 5-dən neft məhsullarına məhdudiyyət tətbiq edildikdə itirilmiş mənfəət gündə 280 milyon dollara yüksələcək.

Məlumata görə, yanvarın 6-da Primorskda Urals neftinin bir bareli 37,80 dollara satılıb. Bunun Rusiya neftinə “qiymət tavanı” tətbiq edilməsi fonunda baş verdiyi bildirilir.

Y.MƏMMƏDLİ