Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması üzrə işlər yekun mərhələyə qədəm qoyub. Türkiyənin energetika naziri Fatih Dönməz bildirib ki, onun ərazisində ilk ticarət əməliyyatının bu il keçirilməsi planlaşdırılır.

"Türkiyədə təbii qaz paylama və ticarət mərkəzinin yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Biz artıq bu il ilk ticarət əməliyyatını həyata keçirməyə hazırlaşırıq", - "Anadolu" agentliyi şənbə günü Bakıda səfərdə olan nazirin sözlərindən sitat gətirib.

Dönməz bildirib ki, bir sıra ölkələrlə qovşağın yaradılması layihəsinin həyata keçirilməsində iştirakla bağlı danışıqlar aparılıb. “Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri layihəni dəstəkləməyə hazır olduqlarını bəyan etdilər”, - o qeyd edib.

Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi bir qovşaq yaratmaq ideyası ilə Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabrında “Rusiya Enerji Həftəsi” forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir boru kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, onlar bunda maraqlı olarsa, üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə qaz nəql olunacaq.

Rusiya və Türkiyə prezidentləri qovşağın yaradılması məsələsini dəfələrlə müzakirə ediblər. Yanvarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, yaxın vaxtlarda layihənin yol xəritəsinin hazırlanması üzrə işləri başa çatdırmaq və onun həyata keçirilməsi üçün konkret addımlara başlamaq planlaşdırılır.

E.ŞİRİNOV