Qardaş ölkədə baş verən dəhşətli zəlzələnin nəticələrinin ölkələrimiz arasında iqtisadi əlaqələrə hər hansı bir təsiri gözlənilirmi?

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı diqqətə çatdırıb ki, Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur.

O, vurğulayıb ki, Türkiyə ölkəmizin ticarət sahəsində ikinci tərəfdaşıdır və enerji ixracatımızın da üçdə biri bu ölkənin payına düşür.  

“Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub”, - deyə bildirib.

Həmçinin xatırladıb ki, Türkiyə, eyni zamanda ölkəmizin qeyri-neft ixracatında da ikinci əsas tərəfdaşıdır və 3.0 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür.

“Son illər, qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır”,- Vüqar Bayramov deyib.

 İqtisadçı Türkiyədə baş vermiş zəlzələnini ölkələrimiz arasında artan xətt üzrə gedən iqtisadi əlaqələrə hər hansı bir şəkildə mənfi təsirinin olmayacağını da dilə gətirib.

“Əsrin Fəlakətinin” coğrafiyasını və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıqda bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”, -deyə iqtisadçı ekspert açıqlayıb.

***

Xatırladaq ki, fevralın 6-sı səhər saatlarında ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 bal gücündə, günorta saatlarında isə episentri Elbistan rayonu olan 7,6 bal gücündə iki zəlzələ baş verib. 13 milyon əhalisi olan bölgədə minlərlə bina dağılıb, 30 mindən çox insan həyatını itirib, 10 minlərlə insan yaralanıb. Ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəyib.

“Bloomberg” agentliyi Sahibkarlar Konfederasiyasının və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına əsasən, baş vermiş zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.

Lakin bütün bunlara baxmayaraq, Türkiyə güclü dövlətdir və bu dəhşətli itkilərin də öhdəsindən gəlməyi bacaracaq.

JASMİN