“Financial Times”ın yazdığına görə, Rusiya iqtisadiyyatı ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalardan nəinki böyük zərər görmədi, əksinə gələn il inkişaf edə bilər - Ukraynanın iqtisadiyyatına isə Qərb ölkələrindən heç bir maliyyə axını kömək etmir…

Britaniyanın “Financial Times” analitikləri məqalədə qeyd edir ki, sanksiyalardan sonra Rusiya iqtisadiyyatının 20% və ya daha çox çökəcəyi güman edilirdi, amma reallıqda onun təxminən 3-4% kiçilməsi növbəti 2024-cü ildə yüksəliş trendindən xəbər verir. Və izah olunur ki, bunun səbəbi çox güman ki, Rusiyanın asanlıqla yan keçdiyi həqiqətən qlobal sanksiyaların tətbiq edilməməsi ilə bağlıdır.

Qəzet yazır ki, Qərb ölkələrindən milyardlarla dollarlıq yardım alan Ukrayna iqtisadiyyatı dərin böhran içindədir və onun perspektivləri acınacaqlıdır.

Qeyd edək ki, bu günlərdə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət qadağaları və texnologiya ixracı məhdudiyyətlərini ehtiva edən 11 milyard avroluq 10-cu sanksiya paketini açıqlayıb.

  Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki,  “Gördüyümüz müxtəlif tədbirlər və sanksiyalarla Rusiyanın mübarizə qabiliyyətini zəiflətdik. Rusiya iqtisadiyyatı qüvvədə olan 9 sanksiya paketi ilə tənəzzüldədir. Təzyiqi artırmaq üçün yeni sanksiya paketi hazırladıq”.

Sədr qeyd edib ki, Rusiyaya yeni ticarət qadağaları və texnologiya ixracına nəzarəti əhatə edən 10-cu sanksiyalar paketinin dəyəri 11 milyard avrodur və bura daxildir – PUA-lar, raketlər və vertolyotlar kimi Rusiya silah sistemlərində istifadə edilən elektron komponentləri və s.

Həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski də qeyd edib ki, Ukrayna və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlamaq üçün birgə işləyir.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. 

Aİ-nin indiyədək Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinə çoxlu sayda qadağalar daxildir. Və hətta 6-cı sanksiyalar paketi tətbiq edilərkən belə Rusiya iqtisadiyyatının çökdürüləcəyi deyilirdi...

JASMİN