Uzun illərdir bütün dünyada olduğu kimi, Azərbaycanda da e-ticarət vasitəsilə vətəndaşlar xarici ölkələrdən maxsimal 300 dolllaradək gömrük rüsumsuz mal ala bilirdi... İndi hansısa məmur bunun xalqa "ziyanlı olduğunu" düşünüb, bunun qarşısını almaq barədə tələ qurmaqdadır. Guya ortada haqsız rəqabət var imiş və bu, ölkəyə zərbə vura bilər.
Gülməli yox, bu artıq ağlamalı məsələdir. Vətəndaş daxili bazardakı bahalığa yox deyib, xaricdən az da olsa ucuz qiymətə istehlak malı gətizdirir. Hər halda, bu ölkəyə idxal olunur, ölkədən çıxarılmır...
***
Tanınmış QHT rəhbəri Osman Gündüz də bu tələnin necə və hansı məqsədlə qurulduğunu sərt tənqid edib. Yazır: "...Xatırlayıram ki, Mikayıl Cabbarovun nazir təyinatı zamanı Prezident ölkədə xüsusilə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirmişdi. İndi belə görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "haqsız rəqabətçini" tapıb. Ötən gün Antiinhisar Dövlət Xidmətinin bir rəsmisi Türkiyənin Trendyol platformasının Azərbaycanda haqsız rəqabət mühiti yaratdığını və ona qarşı tədbirlər görülə biləcəyini açıqlayıb. Xatırladıram ki, son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb. Hazırda təxminən 200-dək belə şirkətlər var. Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. İndi, görünür ki, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib. Yeri gəlmişkən, Antiinhisar qurumu ilə bağlı qısa bir qeydimi də bildirmək istərdim. Antiinhisar Dövlət Xidmətin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi.Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu Xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş Cəmiyyəti ilə əlaqələr güclənmişdi.
Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı.
Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər.
Beləliklə, görünür ki, hökumət hələlik , necə deyərlər "kəşfiyyat" aparır. "Haqsız rəqabətçi Trendyol" ilə bağlı bir rəsmi mövqe yoxdur. Yalnız Antiinhisar Dövlət Xidmətinin bir nümayəndəsi bir tədbirdə sözü gedən fikri səsləndirib. Ümid edək, hökumət, İqtisadiyyat Nazirliyi, yaxud elə Antiinhisar qurum cəmiyyəti narahat edən bu məsələ ilə bağlı rəsmi bir açıqlama verəcək...".
Bəli, kimlərsə Azərbaycanın milyardlarını xaricə daşıyır, oğurluqla məşğuldur... Bunu nəzərə almırlar. Amma xalqın kasıb təbəqəsi azacıq ucuz malı xaricdən alır deyə, buna da barmaq tıxamaq istəyənlər var. Olmaz! İnsaf və vicdan yaxşı şeydir!
A.Məmmədli