Son illər Türkiyə lirəsi dollara nisbətdə ucuzlaşır. Azərbaycanın istehlak bazarında Türkiyə mallarının qiyməti ucuzlaşmasa da, elektron satış şəbəkələri vasitəsilə həyata keçirilən alış-verişdə ucuzluq müşahidə olunmaqdadır. Səbəb isə...

***

Türkiyə lirəsinin son 1 ayda 16.0 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Belə ki, dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir.

 Bu fikri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

O, diqqətə çatdırıb ki, lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir.

 “Belə ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür”, - deyə bildirib.

  

Vüqar Bayramov lirənin ucuzlaşmasının Azərbaycanın istehlak bazarına təsir etməmə səbəbini də açıqlayıb:

“Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur. Bu ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə belə hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir.

Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa da belə elektron satış şəbəkələr vasitəsi ilə mal sifarişlərində manat ifadəsində qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb”, - deyə bildirib.

 

Xatırladaq ki,  bir müddət öncə Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin 13-cü Prezidenti seçildi və yeni kabinetini qurdu. 

Vüqar Bayramov daha əvvəlki açıqlamalarından birində Türkiyədə keçirilən seçkidən sonra lirənin ucuzlaşacağının gözlənilən olduğunu vurğulamışdı.

O, qeyd etmişdi ki, hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəkin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilmədi.

“ Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq, Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyita təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır", - deyə bildirmişdi.

 

Y.MƏMMƏDLİ