Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ona qarşı 11-ci sanksiyalar paketini qəbul edib.

Enerji, nəqliyyat və ticarət sektorlarında yeni məhdudiyyətlər tətbiq edilir. Rusiya müdafiə kompleksinə dəstək verdiyi üçün üçüncü ölkələrin 87 müəssisəsi də sanksiyalara daxildir.  Bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

 Paketə ticarət, nəqliyyat və energetika sektorlarında sanksiyalar, eləcə də ilk dəfə olaraq əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yayınmağa qarşı tədbirlər daxildir.

 “Bugünkü paket Rusiyaya və Putinin döyüş maşınına təzyiqimizi artırır. Sanksiyalardan yayınma ilə mübarizə apararaq, biz Rusiyaya təzyiqi artıracağıq, onu Ukraynaya qarşı qeyri-qanuni müharibəni davam etdirmək üçün çox ehtiyac duyduğu resurslardan daha da məhrum edəcəyik”, - deyə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bəyanatında bildirib.

Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınması probleminin həlli üçün paketə yeni mexanizm daxil edib. Bu, sanksiyalara məruz qalan mal və texnologiyaların Rusiya bazarına daxil olduğu üçüncü ölkələrə qarşı məhdudiyyətlər tətbiq etməyə imkan verəcək.

 Aİ sanksiyalardan yan keçmək üçün üçüncü ölkələrlə “ikitərəfli və çoxtərəfli” əməkdaşlığı gücləndirməyi  və onlara “texniki yardım” vəd edir.

Əməkdaşlığın “gözlənilən nəticələr vermədiyi” halda, Aİ Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkə şirkətlərinə qarşı fərdi sanksiyalar tətbiq edəcək.

Əgər pozuntular davam edərsə və “əhəmiyyətli və sistem xarakterli” olarsa, Aİ artıq Rusiyaya ixracı qadağan edilmiş mal və texnologiyaların üçüncü ölkələrə ixracını məhdudlaşdıra bilər.

Avropa Şurasının bəyanatında deyilir: “Bu yeni “anti-dolaşım” aləti digər fərdi tədbirlər və Aİ-nin maraqlı üçüncü ölkələrlə əlaqəsi yayınmanın qarşısını almaq üçün yetərli olmadığı sübuta yetirildikdə müstəsna və son tədbir olacaq”.

Bu mexanizm çərçivəsində Rusiya hərbi-sənaye kompleksinə birbaşa dəstək verən daha 87 müəssisə sanksiyalar siyahısına əlavə edilib. Onlar ikili təyinatlı malların və qabaqcıl texnologiyaların ixracı ilə bağlı daha sərt məhdudiyyətlərə məruz qalırlar.

Onların arasında Çin, Özbəkistan, BƏƏ, Suriya və Ermənistanda qeydiyyatdan keçmiş şirkətlər var.

Məsələn, Özbəkistandan sanksiyalara məruz qalan müəssisələr  - Alfa Beta Creative və GFK Logistic Asiadır. Bundan əvvəl ABŞ onlara qarşı ixrac məhdudiyyətləri də tətbiq edib. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, onlar Rusiya hərbi və müdafiə sənayesinin ehtiyacları üçün Amerika mallarını almaq üçün sanksiyalardan yayınmağa çalışıblar.

 Qeyd edək ki, 100-dən çox fiziki və hüquqi şəxs də sanksiyaya məruz qalıb. Onların Aİ-dəki aktivləri də dondurulacaq. Bunlara yüksək rütbəli hərbçilər, müharibə ilə bağlı qərar qəbul edənlər, ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında iştirak edən şəxslər, Ukrayna vətəndaşlarına qarşı siyasi motivli qərarlar qəbul edən hakimlər, Ukraynanın mədəni irsinin talanmasına görə məsuliyyət daşıyan şəxslər, iş adamları, təbliğatçılar, o cümlədən Rusiyanın İT şirkətləri.

Bundan əlavə, Aİ Rusiyanın RT Balkan, Oriental Review, Tsargrad, New Eastern Outlook və Katehon telekanallarının yayım lisenziyasını dayandırıb.

Aİ mart ayında Rusiyaya ikili istifadə texnologiyası əldə etməyə kömək edən üçüncü ölkələrə ticarət məhdudiyyətləri qoyacağını vəd etmişdi. Belə mallara, məsələn, paltaryuyan maşınlar, işlənmiş avtomobillər və kameralar daxildir.

Aprel ayında Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sallivan Özbəkistana səfər edib. Onun sözlərinə görə, Aİ orqanları son vaxtlar Özbəkistan ərazisindən Rusiyaya idxalı qadağan olunmuş Avropa mallarının ixracının 126% artdığını müşahidə ediblər.

“The Financial Times” yazıb ki, 2022-ci ildə Rusiyadan tranzit keçərkən Aİ ölkələrindən 1 milyard dollardan çox dəyərində ixrac malları “yoxa çıxıb”.

Məhsullar Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilib.

Daha sonra KMCAM (Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi) bir neçə nəşrlə birlikdə Rusiyanın Qərb sanksiyalarından necə yan keçməsi ilə bağlı araşdırma dərc edib. Orada deyilirdi ki, Qazaxıstan Rusiya Federasiyasına dronların və mikroçiplərin idxalı üçün “aralıq təyinat yerinə” çevrilib. Cavab olaraq Qazaxıstan nazirliyi sanksiyalara məruz qalan malların Rusiyaya ixracına nəzarəti gücləndirəcəyini vəd edib.

 

Y.MƏMMƏDLİ