Məlum olduğu kimi, son günlər türk lirəsi daha çox ucuzlaşır...

Son məlumatlara görə, lirənin məzənnəsi 1 ABŞ dolları üçün 25,2386-dır.

 Cümə axşamı isə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini illik 8,5%-dən 15%-ə qaldırıb. Bu qərar tənzimləyici tərəfindən iqtisadiyyatdakı böhranla mübarizə məqsədilə qəbul edilib. Bu faiz artımı iki ildən çox müddətdə ilk dəfədir. 2021-ci ilin mart ayında Mərkəzi Bank onu 17%-dən 19%-ə qaldırıb.

Qardaş ölkənin valyutasının günbəgün ucuzlaşması isə narahatedici haldır.

***

 Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov da türk lirəsi ilə bağlı fikirlərini paylaşıb.

O diqqətə çatdırıb ki,  Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədi ilə Türkiyə Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir.

İqtisadçı izah edib ki, Türkiyə hökuməti valyutasının məzənnə stabilliyinin daha uzunmüddətli olması yönündə addəmlar atır.

  “Deməli, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir. İqtisadi amillər ilə yanaşı siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzun müddətli hədəflərə söykənilir”, - deyə diqqətə çatdırıb.

 Vüqar Bayramov da qardaş ölkədə Mərkəzi Bankın verdiyi qərarların ölkə  iqtisadiyyatının gələcək taleyi ilə bağlı inam yaratdığını vurğulayıb:  

 “Bütün bunlar ilə yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır”, -deyib.

İqtisadçı onu da diqqətə çatdırıb ki, əsas ticarət tərəfdaşımız olan Türkiyədə valyuta stabilliyinin əldə olunması Azərbaycan üçün də vacib faktordur:

 “Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”, - o, qeyd edib.

 ***

Doğrudan da qardaş Türkiyənin iqtisadi cəhətdən də güclü  və sarsılmaz olması ölkəmiz üçün böyük önəm daşıyır: öncə qardaş, daha sonra tərəfdaş olaraq!

 

Y.MƏMMƏDLİ