Müşahidələrimiz göstərir ki, bəzi mağazalarda ödənişlərin POS-terminal vasitəsilə qəbul edilməsindən imtina olunur. Bu məsələ qanunvericiliklə nəzarətdədir.

Bunu verigiler.az-a Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin rəisi Ramil Mahmudov deyib.

O, qeyd edib ki, sonuncu monitorinq zamanı banklardan POS-terminalların işləməmə səbəbinin izah olunması ilə bağlı məlumatlar toplanıb və məlum olub ki, sahibkarlar POS-terminallardan müxtəlif səbəblərdən imtina edirlər. Mahmudov izah edib ki, sahibkarlar daha çox vergidən yayınmaq üçün nağd pul ödənişlərində maraqlıdırlar, ancaq bu məsələ Dövlət Vergi Xidmətinin, eyni zamanda Mərkəzi Bankın diqqət mərkəzindədir.

Ramil Mahmudov diqqətə çatdırıb ki, “ƏDV geri al” layihəsində nağdsız ödənişlərə görə ƏDV-nin geri qaytarılan hissəsinin 17,5%-ə yüksəldilməsi əhalidə ödənişləri kartla etməyə marağı xeyli artırıb.

“Çünki indi həm ƏDV-nin geri qayıdan hissəsi daha yüksəkdir, həm də kart ödənişi daha təhlükəsizdir. Həmçinin, kredit kartlardan istifadə imkanları da mövcuddur”, - deyə bildirib.

***

Xatırladaq ki, Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin may ayına qədər ümumilikdə istehlakçılara 425,1 milyon manat geri qaytarılıb. Məlum olduğu kimi, əvvəllər alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qaytarılırdı.  İndi isə nağdsız ödənişlərə görə ƏDV-nin geri qaytarılan hissəsinin 17,5%-ə yüksəldilib.

Ona görə də insanların nağdsız ödənişlərə marağı da artıb: necə deyərlər,  dama-dama göl olar! 

Amma o da məlumdur ki, bir çox sahibkarlar (hətta xəstəxanalarda cərrahi əməliyyat edən həkimlər belə) kart ödənişlərini qəbul etmirlər və insanlar məcbur edilir ki, pul kartdan çıxarlaraq nağdlaşdırılsın... 

JASMİN