...Azərbaycanda istehlak bazarlarınıntəbii inkişafı və yeni forma alması istər-istəməz ödəmə sistemində təkmilləşmə tələb edir... Tanınmış QHT rəhbəri, Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz özünün sosial platformasında maraqlı fikirlər səsləndirib. Sitat: "2005-ci ildə ölkəmizdə "Elektron ticarət haqqında qanun" qəbul edilib. Təxminən 2008-ci ildən ölkəmizdə onlayn ödəniş sistemləri qurulmağa başlayıb. Pandemiyadan sonra isə ölkədə rəqəmsallaşma xeyli dərəcədə sürətləndi, çatdırılma infrastrukturu da inkişaf etməyə başladı. Yəni uzun illərdi ki, elektron ticarətə keçid üçün ölkəmizdə mühit formalaşmağa başlamışdı. Eyni zamanda 25 ildən çoxdur ki biz elektron ticarətin üstünlüyündən, elektron ticarətə keçməyin yollarından, rəqəmsal transformasiyadan danışırıq. TV-də, mediada bununla bağlı minlərlə müsahibələr, çıxışlar tapmaq olar. Lakin çox az sayda sahibkarlar bunu dəyərləndirə bildilər. İndi 300 $-lıq limiti ləğv etməyi, vərəndaşların e-ticarət yolu ilə xaricdən gətirdiklərinə vergi tətbiq etməyi tələb edənlər o zaman "lülə, tikə və basdırmadan" basa-basa e-ticarətə keçidə etinasızlıq göstərirdilər, bəziləri hətta bizim bu çağırışlarımızı lağ-lağı obyektinə çevirirdilər, həmişə belə qalacağını düşünürdülər. Yəni fikrimcə pərakəndə ticarətlə məşğul olanların indiki durumu, ticarət mərkəzlərindəki, Sədərək Ticarət Mərkəzindəki indiki böhranlı durum əsasən həm də sahibkarların düşüncə tərzi ilə bağlı məsələdir.
Əlbəttə təəssüfləndiricidir...".
Ekspert təklif də verir: "...Amma yenə də gec deyil. Perspektiv yalnız rəqəmsal transformasiyadan keçir, doğru yol bu sahəyə diqqət yetirmək və bu sahəyə investisiya yatırmaqdan keçir...".
Deməli, zamanla ayaqlaşmaq lazımdır, qanunun tətbiqini əlçatan etmək lazımdır... Lakin bu o demək deyil ki, necə gəldi qiymət qaldırmaqla istehlakçıları çətin duruma salmaq və durduğun yerdə "qaz vurub qazan doldurmaq" lazımdır... Bəzən belə siyasət yeridiləndən sonra "qazan" dolmur, əksinə, daha da boşalır... Hazırda "Sədərək" və "Binə" ticarət mərkəzlərində olduğu kimi...
A.Məmmədli