“Polisə Dəstək” İB-nin insan alverinə qarşı mübarizə üzrə həyata keçirilən növbəti, geniş miqyaslı tədbirin məlumatı yayılıb.

"Təzadlar"a göndərilən məlumatda deyilir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən İnsan Alverinə Qarşı mübarizəyə dair təsdiq edilən Milli Fəaliyyət Planının  bəndlərinə müvafiq olaraq 30 sentyabr 2022-ci il saat 12:00-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə  Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialında Birliyin növbəti tədbiri davam edib.

Ölkə Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin eqidası altında həyata keçirilən “İnsan alverinə yol verməyək” layihəsi maarifləndirmə və profilaktik əhəmiyyət daşıdığına görə,habelə mühazirəyə gənc nəslin cəlb edilməsi baxımından Milli Fəaliyyət Planı ilə uzlaşır.

Tədbiri giriş sözü ilə,ADPU-nun Şamaxı filialının direktoru,dos.Tünzalə xanım Yusifova  insan alverini müasir–XXI əsrin köləliyi kimi dəyərləndirmiş, bu sahədə maarifləndirmə xarakterli tədbirlərin məhz təhsil ocaqlarında davam etdirilməsinə önəm verərək, tələbələrə diqqət çəkən tövsiyyələrini təlqin etmişdir.

Sonra söz “Polisə Dəstək” ictimai birliyinin sədri və layihə rəhbəri Şəmsəddin Əliyevə verilmişdir. O, insan alveri cinayətlərini Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü kimi xarakterizə etmiş, bu cinayətlərin mürəkkəb tərkibli cinayətlərə aid olduğu haqda iştirakçılara lakonik məlumat verərək, qəsdən törədilən belə, xüsusilə ağır cinayətlərə görə cəzanın sərtləşdirilməsini vurğulamışdır. Ş.Əliyev bu sahədə ictimaiyyətin də dəstəyinin polis orqanlarına təmin edilməsi ətrafında fikirlərini iştirakçılarla bölüşmüşdür.

 İnsan alveri cinayətlərinə görə tətbiq ediləcək cəzanın fəlsəfi cəhətlərini iştirakçılara çatdıran, insan hüquq və azadlıqları üzrə ekspert, tanınmış hüquqşünas Aydın Kərimov bu sahədə dinləyicilərə nəzəri və praktik tövsiyyələrini vermişdir.

Tədbirdə çıxış edən pedaqoq və tələbələr maarifləndirmə xarakterli layihə üzrə təlimdən məmnunluqlarını ifadə etmişlər.

Mühazirə-seminar maraqla dinlənilmiş, iştirakçıların sualları cavablandırılmışdır. 

A.Məmmədli