“ ...Şəxsin üzərindən hər hansı bir narkotik vasitə - məsələn, 0,5 qramdan yuxarı heroin tapılarsa inzibati məsuliyyət yarada bilər, amma cinayət məsuliyyəti yaratmır”.

”Bunu “Poisə Dəstək” İB-nin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev TEZADLAR.TV-nin efirində narkomaniya, onun fəsadları və mübarizə yollarından danışarkən bildirib.

O, qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət edən beynəlxalq komitə var:

“Bu Komitə 1909-cu ildə Şanxayda 13 dövlətin iştirakı ilə Forum həyata keçirdi. Bu, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dünyada həyata keçirilən ilk Forum idi. Buna “Opium” Forumu da deyirdilər. Onun davamı olaraq 1912-ci ildə “Haaqa Forumu” keçirildi, daha sonra 1961-ci ildə, 1971-ci ildə...Və bütün dövlətlərin qoşulduğu bu forumda dövlətlərin birgə məsuliyyətin yaranması qeyd olunub. Yəni bu dövlətlərdən hansısa səhlənkar, seyirçi mövqedə dayanırsa, təbii ki, beynəlxalq aləmdə qınağa çəkilə bilər. Ona görə buna birgə məsuliyyət deyirlər”, - deyə polkovnik vurğulayıb.

Şəmsəddin Əliyev əlavə edib ki, bir çox Avropa ölkələrində narkotik vasitələrdən istifadə leqallaşıb.

“Son zamanlar, beynəlxalq ekspertlər həyəcan təbili çalırlar ki, elmdə və təbabətdə narkotik vasitələrin nə qədər qəbul olunması həddini müəyyənləşdirmək lazımdır. Necə gəldi anbarları doldurmaq olmaz. Orda sui-istifadə hallarına yol veriləcək. Hazırda cərrahi əməliyyatlar zamanı narkotik tərkibli ağrıkəsicilərdən başqa dərman vasitəsi tibb elminə məlum deyil”, - deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunanlar penitensianar xidmətdə cəza çəkməməlidir, çünki onlar orada islah olunmurlar.

 

Y.MƏMMƏDLİ