Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Tezadlar.az xatırladır ki, bu gün məhkəmənin hazırlıq iclası keçirilib... Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.

Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. İttiham Aktına görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Yəqinki məhkəmə həm də bu görüntülərin "zəif qəhrəmanlarının" ifadələrini dinləyəcək və həmin görüntülərin sosial şəbəkələrdə yayılmasına səbəb olan hallara aydınlıq gətirəcək.

Z.Mirzəyev FHN-nin işgüzar imicinə ağır zərbə vurmaqla böyük bir qanunsuz əmələ yol verib, özbaşınalığın və məsuliyyətsizliyin qurbanı olub.

A.Məmmədli