Ötən gecə Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. DİN-nin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevin yaydığı məlumata görə, araşdırmalarla bəlli olub ki, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat ediblər. "Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik!", -deyə məlumatda bildirilir.
Çox təəssüflər olsun, hətta ən qatı cinayətkara belə təslim olmayan, cinayətkarlığa qarşı mübarizədə qalib olan polis əməkdaşları bu dəfə adi dəm qazına təslim oldular.
Bəli, maarifləndirmə təkcə şifahi deyil, praktik olmalıdır. İnsanlar başa düşməlidir ki, soyuq havalarda plastik qapı və pəncərəni bağlayıb qaz sobasının yanında yatmaq olmaz. Çünki soba həmin otaqdakı bütün oksigeni yandırıb boru ilə bayıra göndərir, otaqda isə yalnız karbon qazından yaranmış oksigensiz dəm qazı qalır. Bu qaz isə ən qatı cinayətkardan belə güclüdür, qəddardır.
A.Məmmədli