Ermənistan prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ölkə parlamentinin “xeyir-duasını” alıb.

Bu gün Ermənistan parlamenti yalnız hakim “Mənim Şərəfim” partiyasının fraksiyasının iştirak etdiyi qapalı səsvermə yolu ilə ölkənin Baş Prokurorluğuna “Hayastan” fraksiyasının rəhbərinə - keçmiş müdafiə naziri Seyran Ohanyan qarşı cinayət işinin açılmasına və cinayət təqibinin başlanmasına icazə verib.

 Ermənistan KİV-nin məlumatına görə, sabiq nazirin deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı eyni anda üç vəsatət qaldırılıb. O, israf etmə və xüsusilə böyük miqyasda əmlakın mənimsənilməsinə görə cinayət təqibi ilə üzləşəcək.

Demək olar ki, hər üç vəsatət parlamentarilərin 68 səsi ilə yekdilliklə təsdiqlənib, yalnız məzmunu açıqlanmayan ikinci vəsatət üzrə iki deputat səs verməkdən imtina edib.

Bununla belə, ölkənin baş prokuroru Anna Vardapetyan Ermənistan Milli Assambleyasının belə bir qərarı ilə bağlı o qədər də nikbinlik hiss etmir və hesab edir ki, Ohanyanın günahı sübuta yetirilsə belə, cinayət cəzasından yayına biləcək. Bu, cinayət üzrə iddia müddətinin keçməsi ilə əlaqədardır ki, bu halda hökm real cəza təyin edilmədən çıxarılır.

Xatırladaq ki, əli qanlı Seyran Ohanyan 1 iyul 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Ohanyan Qarabağ müharibəsinin əsas simalarından biridir və təşkilatçısıdır. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.

İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.

Göründüyü kimi, Azərbaycan xalqının çörəyi, suyu ilə böyüyüb, bu ölkənin hərbi təhsilindən yararlanan Seyran Ohanyan silahının üzünü onu yetişdirən xalqa sarı çevirdi... Və elə bu xalqın mərd oğulları da onu topal Seyran etdi və Ermənistana yola saldı! 

...Bu gün Ermənistanda mühakimə olunan topal Seyran, bir gün əli Azərbaycan xalqının qanına batmış qəddar və qaniçən, işğalçı... olduğuna görə də Beynəlxalq haqq-ədalət məhkəməsinin qarşısına çıxarılacaq. Əlbəttə, əgər bu dünyada haqq-ədalət qalıbsa və dünyanın "haqq -ədalətçilər"i ikiüzlü mövqelərindən əl çəkərlərsə...

JASMİN