Neapol şəhərinin “Napoli” futbol klubunun İtaliya çempionatında qazandığı qələbə bayramı zamanı

naməlum şəxslər yerli mafiya başçısının 26 yaşlı oğlu Vinçentso Kostantsonu güllələyiblər.

Bu barədə Gazzetta dello Sport xəbər yayıb.

Konstantso bu gecə meydanda güllələnərək öldürülüb. O, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı gənc neapolitan “Kamorra” mafiyasının başçılarından biri hesab edilən, hazırda həbsdə olan Mauritsio Kostantsonun oğlu idi. Mərhum əvvəllər məsuliyyətə cəlb olunub.

Neapol prefekti Klaudio Palomba iddia edir ki, atışma hadisəsi birbaşa "Napoli"nin qələbəsini qeyd etməsi ilə bağlı deyil.

 Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bunun bədbəxt hadisə və ya rəqib mafiya klanı tərəfindən törədildiyi ehtimalını da araşdırır.

Neapolda on minlərlə insanın iştirak etdiyi küçə şənlikləri zamanı yüzdən çox yaralı xəstəxanalara müraciət edib. İnsanlara atəşfəşanlıq, bıçaq xəsarətləri və döyüşlər nəticəsində əl və ayaq xəsarətləri diaqnozu qoyulub. Bundan başqa, 20 yaşlı qız avtomobilin vurması nəticəsində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, cümə axşamı "Napoli" "Udineze" ilə heç-heçə edərək 33 ildə ilk dəfə, tarixində isə üçüncü dəfə futbol üzrə İtaliya çempionu olub.

JASMİN