Xəbər verdiyimiz kimi, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli İranda saxlanılıb və artıq dördüncü aydır ki, ondan heç bir xəbər yox idi...

İndi bəlli olur ki, fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində dünən- iyunun 1-də məlumat yayılıb ki, oş bu ölkədə casusluq ittihamı ilə həbs edilib. Tezadlar.az bildirir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova "Amerikanın Səsi" radiosuna açıqlamasında bildirib ki, İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavaba əsasən Azərbaycan Xarici İşlər Nazirliyi ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verib. Sitat: "Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur".

Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.
MƏlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Dilarə Əsgərova "Amerikanın Səsi"nə onu da bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. "Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib". 
Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfriliyinə iki dəfə nota verib. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsindən isə "Amerikanın Səsi"nin Fərid Səfərli ilə bağlı İranın cavabı barədə sorğusuna yaxın müddətdə cavab verəcəyini bildiriblər.

 Beləliklə, daha bir soydaşımız barədə neçə aydır qaranlıq qalan bir məsələyə aydınlıq gətirilib. Lakin həm də aydınlaşdırılmalıdır ki, Fəridlə Almaniyada tanış olan həmin qadln Fəridlə hansı məqsədlə tanış olub və o da istintaqa cəlb edilibmi və ya onun cəsusluq ittihamı məsələsində mövqeyi necədir? Yaxud, Fərid Almaniyanınmı xeyrinə İrana cəsusluq edirmiş???

Bütün hallarda məsələ ciddiliyi ilə araşdırılmalıdır...

A.Məmmədli