Xəbər verdiyimiz kimi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir ki, "...Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılıb. Xüsusi diqqət çəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanmışdır. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu. Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdudlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanmış, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanıb. Azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, vurğulamaq istərdik ki, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınıb...".

Tanınmış QHT rəhbəri Sahib Məmmədov özünün sosial media hesabında maraqlı məsələyə toxunub: "...Azərbaycanda çoxsaylı kütləvi məzarlıqlar aşkarlanır, amma Xarici İşlər Nazirliyi onların heç birini BMT-nin Məhkəmədənkənar cəzalar üzrə xüsusi məruzəçisinə təqdim etmir. Minnesota protokoluna əməl etmədiyimiz üçün xüsusi məruzəçinin "yeraltı xəritə" adlanan kütləvi məzar yerlərinə dair xəritəsində Azərbaycanın heç bir kütləvi məzar yerləri göstərilmir...".

Həqiqətən də məsələ ciddidir və nədən ermənilər adi bir saxta məsələni şişirdilərə bilirlər, amma Azırbaycan o boyda Xocalı qətliamını belə dünyanın diqqətinə çatdırmaqda vacib addımları ata bilmir?

A.Məmmədli