Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.

Narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov isə bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı saxlanılıb. Bu şəxsin üstündən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.

Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Eyni zamanda, ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.