Dövlət teleradio kanalının əməkdaşı  iş yerində etdiyi seksual zorakılığa görə həbs olunub.

Özbəkistan Respublikasında fəaliyyət göstərən  “Nurafshon” TV dövlət televiziya və radio kanalının əməkdaşı iş yerində etdiyi seksual zorakılığa görə 3 sutka həbs cəzası alıb.

TEZADLAR.AZ qazeta.uz-a istinadən xəbər verir ki, fevralın 6-da Daşkənddə cinayət işləri üzrə Şayxantaxur rayon məhkəməsində “Nurafshon” TV dövlət telekanalının baş redaktor müavininə qarşı inzibati işə baxılıb.

Bildirilir ki, iş materiallarına görə, telekanalın əməkdaşı paytaxtın Şayxantaxur rayon Daxili İşlər Şöbəsinin rəisinə ərizə ilə müraciət edib.

Zərərçəkmiş bildirib ki, 35 yaşlı mentoru  Ş.X. yanvarın 27-də onu aldatma yolu ilə “Nurafshon” televiziyasına iş yerinə dəvət edib və ona seksual zorakılıq edib. Xüsusilə, kişi onu "küncə sıxışdıraraq öpməyə çalışıb".

Zərərçəkmişin dediyinə görə,  “Bu cür hal uzun müddətdir ki, baş verir” və buna görə də “stressə məruz” qalıb. O, məhkəmədən həmin şəxs barəsində qanuni tədbir görülməsini və dəymiş mənəvi ziyanın ödənilməsini də istəyib.

 Məhkəmədə həmin şəxs cinayəti törətdiyini etiraf edib və törətdiyi əmələ görə peşman olduğunu da bildirib. O, bunun gələcəkdə təkrarlanmayacağını bildirərək, məhkəmədən cəzanın yüngülləşdirilməsini xahiş edib.

Məhkəmə ona ÖR CM-nin 41−1-ci maddənin 1-ci hissəsinə (cinsi qısnama) əsasən, üç sutka müddətinə inzibati həbs cəzası verib.

Mənəvi ziyanın ödənilməsi üçün isə zərərçəkmişə mülki məhkəməyə müraciət etmək tövsiyə olunub.

Qeyd edilir ki, “Nurafshon” TV televiziya və radio kanalı 2021-ci ilin noyabrında yaradılıb.

24 saatlıq kanalın əsas vəzifələri arasında  “Daşkənd vilayətinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-maarif həyatında aparılan islahatlar, tərəqqi, inkişaf və quruculuq yolunda həyata keçirilən genişmiqyaslı işlər və yaradılan imkanlar haqqında” əhalinin mütəmadi şəkildə məlumatlandırılması göstərilir.

Həmçinin telekanalın vəzifələri siyahısında  “Əhalinin intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, vətəndaşların şüurunda demokratik dəyərlərin möhkəmləndirilməsi, gənclərin və gənc nəslin vətənpərvərlik, ümumbəşəri dəyərlərə və millətlərarası harmoniyaya hörmət ruhunda tərbiyə edilməsinin təbliğ edilməsi” də yer alır.

 

JASMİN