Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (UEPS) ölkəmizdəki yeganə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyini qəbul edib. 

AİJA-nın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov "Təzadlar"a bildirdi ki, o, nazirə Assosiasiyasının 27 illik fəaliyyəti haqda danışıb, təşkilatın son 2 ildə keçirdiyi tədbirlərin hesabatını verib. 
 Daha sonra Eldar İsmayılov AİJA-nın "İlin idman adamı" seçdiyi nazirə xüsusi plaket, Fərid Qayıbovun AİJA-ya 2004-cü ildəki üzvlük anketinin nüsxəsini, yeni AİPS, AİJA vəsiqələrini təqdim edib. AİJA-nın baş katibi, İdman TV-nin direktoru Rövşən Binnətli idmanımızda görülən işlərin doğru təbliği üçün media ilə nazirliyin sıx əməkdaşlığının vacibliyini vurğulayıb. AİJA-nın vitse-prezidenti, Sports.az saytının rəhbəri Anar Şabanoğlu Fərid Qayıbovun təyinatından sonra AGİN-in fəaliyyətindəki pozitiv dinamikadan söz açıb, idmana göstərilən diqqətin idman mediasına da göstərilməsini arzuladığını bildirib. Görüşün sonunda nazir AİJA-ya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, təşkilatın rəhbərliyi Fərid Qayıbova səmimi qəbula görə təşəkkür edib. Görüşdə nazir müavini Mariana Vasilyeva və nazirliyin bir sıra digər məsul şəxsləri iştirak edib.

A.Məmmədli