booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, böyük bacarıq və qətiyyəti nəticəsində Vətən müharibəsində qazanılan tarixi qələbə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir.

44 gün ərzində Azərbaycan Ordusu ədalətli müharibə apararaq torpaqlarımızı azad etdi və bunula da təcavüzkar Ermənistanın 30 illik işğalına son qoydu. Vətən müharibəsində qazanılan bu tarixi Zəfərlə Azərbaycan ərazi bütövlüyünün təmin olunması problemini birdəfəlik həll etdi. Beləliklə, Müstəqil Azərbaycan dövləti ərazi-inzibati cəhətdən özünün tamlığına nail oldu.

Vətən müharibəsindəki qələbənin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrildi. Prezident İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki qələbədən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi qayıdışla əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir amil olduğunu söyləyə bilərik. Bu baxımdan, Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün regional, eyni zamanda beynəlxalq hadisədir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin Əbədi Qayıdışının bir rəmzidir.

Dövlət başçısının dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə Böyük Qayıdışın əməli ifadəsidir.

Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Böyük Qayıdışın əks-sədası idi.

Prezident İlham Əliyev Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atdı, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoydu. Eyni zamanda, xüsusi olaraq vurğulamaq lazımdır ki, 2022-ci ilin əvvəllərindən Qarabağ ərazilərinə Böyük Qayıdışa başlanılıb, regionun daimi sakinlərinin özlərinin ata-baba torpaqlarına dönüşünə start verilib. Yəni, artıq Azərbaycanda Böyük Qayıdış proqramının icrasına başlanılıb.

Xəbər verildiyi kimi, 19 iyul 2022-ci il tarixində Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirildi. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı.

Ağalı sakinlərini yolasalma tədbirindən sonra media nümayəndələrinin suallarını cavablandıran Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bütün köç prosesinin dövlət başçısının birbaşa nəzarəti altında olduğunu bildirdi. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğuladı.

Onun sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Yeri gəlmişkən qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləri idi. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Onu da qeyd edək ki, Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, "Azərpoçt” MMC-nin rayon şöbəsi, "ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların "ASAN” və ya "DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq.

Həmçinin kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsindədir.

Xatırladaq ki, bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə iyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən növbəti köç karvanı yola salındı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirildi ki, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 48 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Məlumatda daha sonra bildirilirdi ki, Ağalı kəndinə köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında ardıcıl şəkildə davam etdiriləcək.

Qeyd edildiyi kimi, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam etdirildi.

Belə ki, sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki Zəngilan şəhərciyindən növbəti köç karvanı yola salındı. 63 nəfərdən ibarət 12 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürüldü.

Sentyabrın 10-da isə Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən Ağalıya altıncı köç karvanı yola salındı.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə etdilər.

Daha 62 nəfər – 13 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə  Ağalı kəndinə yola salındı. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardı.

Məlumat üçün qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin  ikinci mərhələsinin yekunudur. Rəsmi məlumata görə, indiyədək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Zəngilan rayonunun Ağalı kəndinə köçürülən sakinlərin buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirləi nədən ibarətdir?

2022-ci il iyulun 19-da “Ağıllı kənd”ə ilk köç karvanı ilə gəlmiş Nəbiyevlər ailəsi yaradılan şərait, infrastruktur və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Həbib Nəbiyev Ali Baş Komandan İlham Əliyevə, qüdrətli Azərbaycan ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildirib. O, Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkürünü dilə gətirir, hər cür şərait yaradıldığını və bu şəraitdən məmnun qaldıqlarını vurğulayıb.

İyulun 19-da Bakıdan ilk köç karvanı ilə daimi məskunlaşmaq üçün kəndə gəlmiş Mirzəyevlər ailəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.

“Dədə babalarımızdan bizə miras qalan bu torpaqların sahibiyik,” -  deyən Minə Mirzəyeva əmindir ki, yaxın gələcəkdə Ağalı sakinləri doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəklər.

...Bəli, Azərbaycanın işğaldan azad olunan ərazilərinə yeni nəfəs gəlir və işğaldan azad edilən bütün şəhər və kəndlərimizdə də insanlarımızın əməyi sayəsində həyat yenidən canlanacaq.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.7.)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN