booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən iki il ötdü.

Məlum olduğu kimi, azərbaycanlılara qarşı düşmənçilik siyasəti yeridən ermənilər tarixin bütün dövrlərində soyqırımlar həyata keçirib. Son 30 il ərzində davam edən təxribatlar, işğalçılıq siyasəti yürüdən Ermənistan Lələtəpə və Tovuz döyüşlərindən də nəticə çıxarmadı. Halbuki həmin döyüşlər Azərbaycanın işğalla barışmayacağının sübutu idi.

Ermənilərin növbəti hərbi təxribatı isə 2020-ci ilin 27 sentyabrında baş verdi. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Məhz iki il öncə başlanan Vətən müharibəsinin başlamas ilə bütün cəbhə boyu əks-hücuma keçən ordumuz 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 44 gün davam edən müharibə isə güclü və şanlı ordumuzun qələbəsi ilə başa çatdı. 2020-ci ilin noyabrında 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa işğaldan azad edildi. Belə ki, ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Tarixi Şuşa şəhəri ordumuz tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Nəticədə, 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.Hərbi sahədə qazandığımız qələbələr, xüsusilə Şuşanın işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya məkanında qalibiyyət əldə etməklə tarix yazdı.

Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi mütərəqqi nümunə ortaya qoydu. Deyildiyi kimi, hətta dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın bu təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. Vətən uğrunda canından keçən şəhidlərimizdən biri də sonra Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovdur.  

Mövzu ilə bağlı həmsöhbətimiz Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Vətən müharibəsi qazisi Yaşar Bağırovdur.

44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışan Y.Bağırov bildirdi ki, Orxan Əkbərovla tanışlığı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldıqları vaxtdan başlayıb: “Mən əslən Naxçıvandanam, Orxan Əkbərov isə Saatlı şəhərində anadan olsa da, sonradan ailəsi Biləsuvara köçüb, orada yaşayıblar. Təsadüf elə gətirib ki, ikimiz də orta məktəbi bitirdikdən sonra - 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşuq. Orxan Əkbərovla ilk tanışlığımız məktəbin idman zalında oldu. İdman zalında turniklərdə məşq edən zaman onun bəzi idman hərəkətləri diqqətimi çəkdi. Ondan həmin hərəkətlərin icra texnikasını soruşdum. O, məni maraqlandıran idman hərəkətlərinin icra texnikasını ətraflı izah etdi. Elə oradaca Orxanla maraqlı söhbətimiz alındı. Sonra onunla aramızdakı davamlı ünsiyyət sayəsində bir-birimizi tanıdıq. Mütəmadi söhbətlər nəticəsində bizim dostluğumuz yarandı.

Onu da deyim ki, iki il Orxan Əkbərovla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə ayrı-ayrı siniflərdə oxumuşuq. Sonrakı 2 ili ixtisasımıza görə eyni qrupda oxuduq. Yəni ikimiz də Qoşun kəşfiyyatı ixtisasını seçdik və bir sinifə düşdük. Məktəbin yataqxanasında bölgü zamanı da bir otaqda qalası olduq. Məktəbi bitirənədək onunla bir otaqda qaldıq. Mən idim, rəhmətlik Orxan Əkbərov, Famil Əliyev, Qabil Qaybaliyev və bir də Mobil Muradxanov.

Dərsdən sonra, demək olar ki, həmişə bir yerdə olurduq. Orxan Əkbərov çox səmimi və sakit təbiətli idi. Mehriban dostluğu vardı. Eyni zamanda, şən, gülərüz və zarafatcıl idi. Həm də çox maraqlı insan idi. Onunla bağlı çoxlu xatirələrim var. Bir gün onunla bərabər şəhərə gəzməyə çıxırdıq. İşimiz tələsik idi. Bizi dostlarımız gözləyirdi. Orxana dedim ki, qapıdan getsək, yol uzanacaq, gecikəcəyik, yaxşısı budur hasardan atlanıb keçək. Orxan razılaşdı. Dedi, hə, nə olar, lap yaxşı. Birdən qayıtdı ki, bəs komendanta yaxalansaq, necə olacaq? Dedim, heç nə olmaz. Hasardan atlanıb bir az getmişdik ki, arxadan komendantın səsi gəldi: kursantlar, hara gedirsiniz? Biz geriyə baxmadan hardasa 2 km yolu qaçıb, komendantın gözündən yayındıq...

Orxan tək bizimlə deyil, hamı ilə mehriban davranırdı, çox şən insan idi. Dərsdən sonra vaxtının çox hissəsini idman məşqlərinə sərf edərdi. O, istər təhsil aldığımız Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə çoxsaylı tələbə və müəllim kollektivinin, istərsə də ətrafdakı digər insanların həmişə hörmətini qazanıb”.

Y.Bağırovun sözlərinə görə, 2005-ci ildə ali təhsili başa vurduqdan sonra hər kəs ixtisası üzrə xidmətə yollanır: “Mən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başladım. Orxan isə N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri kimi xidmətə başladı. Orxan Əkbərov 2007-ci ildən kəşfiyyat bölük komandiri, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından şəhid olduğu günədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

Ancaq buna baxmayaraq, biz mütəmadi olaraq görüşürdük. 2020-ci ilin əvvəlləri idi. Orxan məzuniyyət götürüb rayona – Biləsuvara gəlmişdi. Mən də həmin vaxt Cəlilabadda xidmət edirdim. Bir gün hərbi hissəmizə gəlib mənimlə görüşdü. Sən demə, bu, bizim Orxanla son görüşümüz imiş... Xeyli söhbət etdik, sonra görüşüb ayrıldıq. O, maşına oturanda məni geri çağırdı və biz yenidən görüşdük. Məni qucaqlayıb bərk-bərk özünə sıxdı. Heç vaxt belə etməmişdi, sanki sonuncu dəfə görüşdüyümüzü hiss etmişdi... Lakin  müharibə başlayana qədər  tez-tez telefon əlaqəsi saxlayıb hal-əhval tuturduq.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq ordumuz əks-hücum əməliyyatına başlayanda Orxan Əkbərov Füzuli, mən isə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qatıldıq. Mən yaralanmamışdan bir necə gün əvvəl, daha doğrusu, oktyabrın 2-də dostumuz Tofiq Muradov zəng edib dedi ki, Yaşar, Orxan şəhid olub. Həmin vaxt mən Xüsusi Təyinatlı Qüvvələrin dəstə komandiri kimi Cəbrayılın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edirdim. Oktyabrın 4-də Cəbrayılı işğaldan azad etdik. Oktyabrın 6-da isə Cəbrayılın ətrafında olan hakim yüksəkliklərdə düşmənin əks-həmləsinin qarşısını alarkən Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qaldıq. Həmin vaxt mən yaralandım, bir müavinim və rabitəçim şəhid oldu. Demək istəyirəm ki, Orxanın şəhidlik xəbərin alandan 4 gün sonra mən yaralandım. Çox təəssüf ki, Orxanın dəfn mərasimində iştirak edə bilmədim, çünki qeyd etdiyim kimi, ağır yaralanmışdım. Ona görə də həmin ərəfədə mən və 7 qazimiz “YAŞAT” Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmişdik. Bu səbədən də mən Orxanın il mərasimində iştirak edə bildim. Ailəsinə başsağlığı verdim, həm də məzarını ziyarət elədim...

Deyərdim ki, daxilində olan vətən sevgisi, bayraq sevgisi Orxan üçün hər şeydən dəyərli idi. O, şəhidliyinə qədər hərbi xidmətini layiqincə yerinə yetirdi.

Qürurverici haldır ki, Orxan Əkbərov hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yuibley medalı ilə təltif edilib.

Orxan Əkbərov 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda uğrunda canını verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi”.

Y.Bağırov bildirdi ki, Orxan Əkbərov ailəsinin, dostlarının, onu tanıyanların yaddaşlarında gözəl əməlləri, qüsursuz əxlaqi ilə silinməz iz qoyub getdi: “Orxan hər bir valideynin arzu etdiyi gözəl bir övlad, sədaqətli dost, onu tanıyan ətrafı üçün  xoş rəftar, alicənab, mehriban, saf, təmiz insan olaraq xatirələrə həkk oldu. Bu gün Orxanı fəxirlə yad edir, onunla qürur duyuruq. Orxan elə bir zirvəyə ucalıb ki, o hər kəsə qismət olmur. Orxan Azərbaycanımızın  əvəzsiz qəhrəmanıdır. Biz onunla hər zaman fəxt edəcəyik, onun əziz xatirəsini qəlbimizdə yaşadacağıq.

Sonda bir daha vurğulamaq istəyirəm ki, xalqımız böyük Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Qələbənin Sərkərdəsi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, tarixi Qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrildi”. 

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.5)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN