Hüquq elmləri doktoru, professor Arif Quliyev ermənilərin bütün müqavimətinə baxmayaraq Şaumyanın adını daşıyan küçənin «Bakı» adlandırılmasına nail olub…

Ukraynada fəaliyyət göstərən görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyevlə «Təzadlar»ın redaksiyasında geniş söhbət etdik. Onun Vətənə olan sevgilərinin sərhəddi yoxdur, hüdudsuzdur… Məlum olur ki, 1989-cu ildə Ukraynaya hərbi kursa göndərilib. Elə bununla da həyatı Ukrayna ilə bağlı olub. Daha doğrusu, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin körpüsünə çevrilib. Deyir:

-…Kursant yataqxanasında otaq yoldaşlarımdan biri Ukraynadan idi. Tanış olduq. Azərbaycandan olduğumu biləndən sonra üzünü mənə tutub dedi ki, «Eşitmişəm, Azərbaycanlılar kobud olur, yüksək mədəniyyətə malik olmurlar…» və s. Hətta mənə Sumqayıtdakı hadisələri danışanda, dərhal başa düşdüm ki, bunun deydiklərində erməni izi var. Dedim, səndə bu qənaət hardandır? Razılaşdıq ki, axşam dərsdən sonra- istirahət vaxtı bu məsələni birgə müzakirə edərik. Beləliklə, axşam düşəndə gördüm əlində bir topa yazışmalarla gəlir… Azərbaycan əleyhinə olan mənbələr idi. Oxudu, qurtardı. Üzünü mənə tutub dedi, indi buyur, bunlar barədə nə deyə bilərsiniz? Dedim, «sağ olsun» ermənilərlə KQB ki, səni yaxşıca təlimatlandırıb. Dedim, səndə məlumat varmı ki, məsələn, mən hansısa bir ali təhsilli, intligent olan erməni kişiyə, lap elə erməni qadına  sataşmışam, döymüşəm və s. Əksinə, ermənilər Qərbi Azərbaycanda olan bütün Azərbaycanlıları son nəfərinədək qovub, öldürüb… Dedi, yox, bu barədə bilmirəm. Dedim, Sumqayıt hadisələrini hansı ağıllı adam çəkib dərhal ora-bura yayardı? Bu kimin marağında ola bilərdi? Dedi, təbii ki, ermənilərin. Mən ona Azərbaycanın görkəmli alimləri, siyasətçiləri, hökmdarları və s. barədə geniş danışdım. Durub məni qucaqladı, dedi, bu gündən səninlə oluram dost. Və səhəri günü sıra baxışında həmin cızmaqaraları bir erməni var idi, onun sifətinə çırpıb dedi, yaramaz, sən məni aldatmısan, rədd ol, gözüm səni görməsin… Bir müddət sonra həmin o dostum oldu Ukrayna Prezident Administrasiyasının Aparat rəhbəri. Məni Kiyevə dəvət etdi, qonağı oldum. Ukraynadakı öz iş yerimə geri qayıdanda məni Ukrayna Baş nazirinin birinci müavini ilə birgə yola saldılar. Orada bizim səfir də iştirak edirdi, mənim dostlarımın kimliyini gördü. Səfir məni Kiyevə dəvət etdi. Burada maraqlı görüşlərimiz oldu. Həmin dostum mənə dedi ki, sən gəl Ukrayna Siyasi Elmlər Akademiyasında da oxu, sənin haqqında mənim başqa bir planım var. Qəbul olundum, orada oxuyanda da başıma bir iş gəldi. Bir professor var idi, o da Azərbaycanlılar haqqında lazımsız ifadələr işlədəndə dedim, Azərbaycanda olmusuz, orada kiminləsə ünsiyyətiniz olub? Dedi yox. Başa saldım ki, Azərbaycançılıq ideyası bizim qanımızdadır və hər yerdə o yüksək mədəniyyəti nümayiş etdiririk. Mənə dedi ki, yaxşı, bunları mənə yaz gətir. Yazıb verdim ona. Bir həftə sonra mühazirə bitəndən sonra məni qucaqladı və dedi ki, sən məni ayıltdın. Dedi, sənin bu yazılarını «Siyasət və mədəniyyət» jurnalının baş redaktoruna vermişəm, get onunla görüş, əlavələrini elə. Həmin yazılar adı çəkilən jurnalda «Millət atası» başlığı ilə çap olundu. Və mən həmin jurnalı Azərbaycanın Prezident Administrasiyasına göndərdim. Ulu Öndər Heydər Əliyev məni hələ 70-80-ci illərdə Bərdədən tanıyırdı, bu yazı çox xoşuna gəlmişdi. Həmin məqalə Azərbaycanın rəsmi mətbuatında çap olundu… Bir müddət də səfirlikdə çalışdım…

arif-3

«Azərbaycançılıq ideyası qandan gəlir, sonradan qazanılmır…»

 Ukraynada fəaliyyət göstərən görkəmli ziyalımız, hüquq elmləri doktoru, professor Arif Cəmil oğlu Quliyevlə Ukraynadakı diplomat və digər sahələrdə çalışdığı vəzifələrlə bağlı ətraflı söhbətimiz də oldu. Məlum olur ki, o, var gücü ilə Azərbaycanın təbliği ilə məşğul olub. Elə bu zəhməti və fəaliyyəti də ona Ukraynada çoxsaylı dostlar qazandırıb. Bu gün də Ukraynanın rəsmi şəxsləri ilə sıx əlaqədədir, daim fikir mübadiləsi edirlər.

ARAYIŞ: Professor Arif Quliyev 1952-ci ildə Bərdənin Böyük Qacar kəndində anadan olub. Bakı dövlət Universitetində, Bakı Ali Partiya məktəbində, Ukrayna Prezidenti yanında dövlət idarəcilik Akademyasında təhsil alıb. Hazırda  “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq İnstitutunun professoru, Ukrayna Azərbaycanlıları alimlər şurasının sədridir. Yeganə xarici ölkə vətəndaşıdır ki, Ukrayna Elmlər Akademiyasının akademikidir. 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalənin müəllifidir.

 KİYEVDƏ «26 BAKI KOMİSSARLARI»  PROSPEKTİ NECƏ «AZƏRBAYCAN» OLUB?

 Ukrayna Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor, uzun illər Ukraynada diplomatik fəaliyyətlə məşğul olmuş Arif Quliyev ötən həftə «Təzadlar»ın qonağı olanda çox maraqlı faktlar açıqladı A.Quliyevin söhbətindən belə məlum olurdu ki, ermənilərin bütün vasitələrlə mane olmalarına baxmayaraq, Kiyevdə məhz onun ciddi cəhdləri sayəsində vaxtilə 26 Bakı Komissarlarının adına olmuş prospektin adı də\yişdirilərək «Azərbaycan» adlandırılmışdır. Ən maraqlısı, elə həmin prospektdə həm də Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Azərbaycan prospekti Kiyevdə ən nümunəvi prospektlərdən biri kimi məşhurdur.

 AKADEMİK ARİF QULİYEV RUSİYA FEDERASİYA ŞURASININ SƏDRİ VALENTİNA MATVİYENKOYA HANSI MƏSLƏHƏTİ VERİB?

 Professor Arif Quliyevin «Təzadlar»a müsahibəsində sadaladığı maraqlı faktlardan biri də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə olan görüşünə aiddir. Deyir:

-2014-cü ildə humanitar mahiyyətli böyük bir beynəlxalq tədbir keçirilirdi. Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyeva da həmin tədbirdə iştirak edirdi. Biz birlikdə idik. Bu zaman əslən ukraynalı olan, hazırda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə qarşılaşdıq. Həmin vaxt Rusiya ilə Ukrayna arasındakı münasibətlər təzə-təzə korlanmaqda idi. Xanım Matviyenko məni tanıyırdı. Dedim, Valentina xanım, siz də diplomatsınız, mən də. Biz bir-birimizi yaxşı anlamalıyıq. Siz həm də Ukraynalısınız. İndi Rusiyalısınız… Niyə Rusiya rəhbərliyi ilə danışıb bu məsələdə öz xidmətinizi göstərmirsiniz? Bu iki slavyandilli xalq bir-birinə niyə düşmən edilir və s. Dedim, niyə bu məsələdə yaxanızı kənara çəkirsiniz? Dedi çalışacağam… Leyla xanım dedi, Arif müəllim, sağ olun ki, nə lazım idi xanım Valentina Matviyenkonun diqqətinə söylədiniz… Zaman keçdi, məlum oldu ki, iki dövlət arasında müharibəni körükləyənlərdən biri də elə odur…

 KİYEVDƏ ŞAUMYANIN ADINI DAŞIYAN KÜÇƏ ONUN FƏDAKARLIĞI SAYƏSİNDƏ  «BAKI» OLUB…

arif-quliyev-1

 Professor Arif Quliyev bu ölkədə ermənilərin təxribatlarına qarşı necə mübarizə apardığını konkret faktlarla söylədi. Sən demə, ermənilər Ukraynada bütün ciddi-cəhdlə Azərbaycan və azərbaycanlılar haqqında yalan və böhtan xarakterli məlumatlar yaymaqla məşğul olublar. Arif müəllim dəfələrlə bu təxribatların qarşısını alıb. Onun söylədiyi daha bir maraqlı fakt diqqəti çəkir:

-2003-cü ildə Ukrayna prezidenti Leonid Kuçma Ulu Öndər Heydər Əliyevin dəfn mərasimindən qayıdanda Kiyevdə onu qarşılayanlar arasında idim. Prezidentə yaxınlaşdım, dedim, cənab Prezident Heydər Əliyev kimi görkəmli şəxsiyyətin və siyasətçinin adı niyə Kiyevdə də əbədiləşdirilməsin? Dedi, əla fikirdir, siz təkliflərinizi təqdim edin, Heydər Əliyevə böyük hörmətim və sayğım var… Səhəri gün bir neçə təklifləri hazırlayıb Kiyev şəhər meriyasına təqdim etdim. Təkliflərimdən biri Kiyevdə Heydər Əliyev parkının açılması, digəri 26 Bakı Komissarı prospektinin adının dəyişdirilərək Azərbaycan prospekti qoyulması idi. Sonuncu təklifim isə Şaumyanın adına olan prospektin adının dəyişdirilərək «Bakinskiy» qoyulması idi. Ermənilər çox çalışdılar ki, bunun qarşısını alsınlar, amma bacarmadılar. Sağ olsun şəhər meriyasının rəhbərliyi ki, ermənilərin bütün cəhdini rədd etdi…

***

Bəli, özünün söylədiyi kimi, Azərbaycançılıq ideyası hər birimizin qanındadır və biz harada olsaq, Azərbaycanı bu ölkə vətəndaşlarına sevdirməliyik. Dünya şöhrətli alim Xudu Məmmədov deyirdi ki, uşaqlara Vətəni sevdirmək üçün çox da əziyyət çəkməyin, siz uşaqlara Vətəni yaxşı tanıdın, onlar Vətəni dəlicəsinə sevəcəklər.

Başqa sözlə, biz Vətəndən kənarda olanda da Azərbaycanı kiməsə tərifləməkdən daha çox real faktlarla yaxşı-yaxşı tanıtmalıyıq. Bundan sonra əcnəbilər Azərbaycanı məhəbbətlə sevəcəklər…

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İst.6.3.9).

media