Məlum olduğu kimi, 2023-cü ilin əvvəlində, “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələrək, Vergi Məcəlləsində dəyişiklik edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev qanunda edilən dəyişikliyə bağlı yaranan bəzi suallara aydınlıq gətirib.

O, izah edib ki, “Media haqqında” Qanunda media subyektlərinin anlayışları verilib.

“Bu media subyektləri audiovizual media subyektlərinə, onlayn media və çap media subyektlərinə bölünür. Vergi Məcəlləsi ilə verilən güzəştlər isə audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə şamil olunur. Yəni audiovizual media subyektləri dedikdə qanunun məqsədləri üçün televiziya və radio yayımını həyata keçirən şəxslər nəzərdə tutulur. Bu vergi güzəştləri audiovizual media subyektlərinə aid edilmir. Güzəştdən onlayn və çap media subyektləri, eyni zamanda informasiya agentlikləri faydalana bilir”, - deyə açıqlayıb.

 Həmçinin Əvəz Quliyev diqqətə çatdırıb ki, Vergi Məcəlləsi ilə güzəştin təsir dairəsinə düşən media subyektlərinin istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə olunan gəlirləri mənfəət, gəlir vergisi, sadələşdirilmiş vergidən azaddır.

 “…Həmin gəlirlərin dairəsinə  bu media subyektlərinin reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar da aid edilir. Bununla yanaşı, əlavə dəyər vergisinin məqsədləri üçün media subyektlərinə azadolma isə onların yalnız istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə etdikləri gəlirlərə tətbiq olunur”, - deyib.

 Əvəz Quliyev reklam gəlirlərinin əlavə dəyər vergisindən azad olunmadığını və həmin gəlirlərin də ƏDV-yə cəlb olunduğunu bildirib.

Xatirladaq ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunur. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

 

Y.MƏMMƏDLİ