...Ramiz Hümmətovun ölüm xəbəri məni ildırım kimi vurdu. Sanki yenidən itirdim Akif Səmədi. Çox ağır itki idi… Dostlarla bağlı bir dünya xatirəmiz, Ramizin yaddaşında dip-diri yaşayardı. Tonlarla çörək kəsmişdik. Akif Səməddən qalan dostumuz idi. Ramiz Hümmətov Məmməd İlqarın təcnislərini o qədər gözəl deyirdi ki, Məmməd İlqar dost məclislərində dəfələrlə üzünü Ramizə tutub, “Ramiz o təcnislər mənim deyil, sənindir” - demişdi. O mənada biz həm də Məmməd İlqarı itirdik.
Ramiz olduqca səmimi və maraqlı insan idi. Şirin danışıq təhkiyəsindən, dost söhbətlərindən, saatlarla dediyi seçmə şeirlərdən doymaq olmurdu. O, olan məclislərdə Dədə Ələsgərin, Səməd Vurğunun, Hüseyn Bozalqanlının, Sadıqlı İsmayılın, Məmməd İsmayılın, Məmməd İlqarın, Məmməd Dəmirçoğlunun, Akif Səmədin… şerləri deyilib, ruhları çağrılardı. Ramiz Hummetov çox dəyərli aydınıydı. Biz öyrənmişik ki, telegüzgüdən, radiodan, qəzetdən, jurnaldan… dəyərli insanlar düzəldib sırısınlar bizə, biz də onu nuş edək. Ramiz Hümmətov el-obanın köynəyindən keçib, el-oba içində bişmiş, el-obanın alqışını alıb, uğurladığı aydınlarımızdanıydı…
Ramizin çox gözəl, cilalanmış zövqü var idi. Ramizə hər şairi bəyəndirmək mümkün deyildi. Saza qalxmayan şeiri dilinə gətirməzdi. Belə şairlərin şerlər kitabı çıxanda “filankəsin bir yaxşı çaynikaltı kitabı çıxıb” - deyərdi. Ürəyi soyumayanda “belə şairlərin nəşriyyatda bir Gəncə qoması 5 qəpikdir” - deyərdi. Ramizin məzəli söhbətlərdə, sərrast atmacalarda tayı-bərabəri yox idi. Adətən, xərcini çəkmədiyi məclislərə söküntü yeri deyirdi. Ara-sıra zəng edib soruşardı ki, axşama söküntü yeriniz varmı?
XXX
 Ramiz təkcə doğulub boya-başa çatdığı Qaraxanlı kəndinin yox, ümumilikdə Əmirli basalağının tarixini yaşadırdı özündə. Kəndin istənilən adamı haqqında ürəknən danışıb ən yaxın qohumu kimi təqdim edərdi. Tez-tez dostlarını Qaraxanlıya dəvət edərdi. “Allaha şükür, evimizdə düz iki yüz adamın qalmağına yorğan-döşək var” - deyərdi. Doğma kəndinin adı çəkiləndə həmişə qürurlanardı. Kəndinə o qədər bağlıydı ki, kəndinin adını batıran adama onun dünya boyda ürəyində zərrə qədər yer yox idi. Deyirlər, bir dəfə məclisdən çıxanda adbatıran bir kəndçisini taksiyə mindirib taksi şoferinə 100 manat verib ki, bunu 100 manatlıq buradan uzaqlaşdır...
Abbas Abdulla deyirmiş ki, kimin kəndinə-kəsəyinə getməyə vaxtı, imkanı yoxdursa gedib Akif Səmədi görsə bəsidir. Ramiz ocaq yeriydi. Ürəyi böyük, süfrəsi açığıydı. Ona görə də bütün dostları, kəndçiləri Ramizin başına yığılardı. Ramiz adəti üzrə hərəyə bir ad qoyardı. Yeri gəlmişkən, mənə də “H2O” deyərdi. Heç kim də onun qoyduğu baməzə adlardan inciməzi. Maraqlıdır ki, 23 dekabr axşamı yayılan qara xəbərə ən çox sarsılanlar da Onlar oldular. Nədənsə, hamı birinci mənə zəng vururdu. Birinci zəng Ramiz müəllimin diliylə desək, Fənər Baxçadan – Fərman Borçalıdan gəldi: “Həmid, eləmi Ramiz...” Ölüb deyəmmədim, olubdur dedim…
Məkanın uçmaq olsun, əziz dost!
Həmid Ormanlı
(Xüsusi olaraq "Təzadlar"üçün)