RİA agentliyinin 12 yanvarda verdiyi xəbərə görə, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hal-hazırda ölkənin paytaxtı Nur-Sultandadır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

"Nazarbayev Qazaxıstanın paytaxtındadır... O, vəziyyəti daima izləyir", - deyə diplomat vurğulayıb.

O əlavə edib ki, Nazarbayev dost ölkələrin başçıları ilə bir neçə telefon danışıqları aparıb, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevlə daim təmasda olur.

Yanvar ayının əvvəlində bir sıra yerli KİV-lər respublikanın sabiq prezidenti, qızları və onların ailələrinin ölkəni tərk etdiyini bildirib. Qeyd edildi ki, Qazaxıstanda yalnız Nazarbayevin kiçik qardaşı Bolat qalıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar bazar günü, yanvarın 2-də, avtomobillər üçün sıxılmış qazın qiymətinin kəskin artması səbəbindən ( 1 litr üçün 60 tengədən 120 tengəyə) başlamışdı. Etirazçılar siyasi tələblər də irəli sürmüş və hökumətin istefasını, yeni seçkilərin keçirilməsini, Nazarbayevin siyasətdən getməsini tələb etmişdilər.

Şakir QURBANOV