Ablyazov Qazaxıstanda keçirilən etiraz aksiyalarını

maliyyələşdirmədiyini deyib.

Hazırda Fransada yaşayan qaçaq bankir Ablyazov Qazaxıstanda keçirilən etiraz aksiyalarını maliyyələşdirmədiyini bildirib.

Bu barədə Muxtar Ablyazov ria.novosti-yə müsahibəsində bildirib.

"Təsəvvür edin: kimsə pulla dolaşır və hansısa anlaşılmaz adamların qapısını döyür və deyir: icazə verin sizə pul verim.... Bu pulu necə paylamaq olar?"  deyən bankir belə hərəkətləri ağlasığmaz hesab etdiyini qeyd edib.

Bankir  qazın qiymətinin qalxması ilə bağlı yanvarın 2-də baş verən, ilk aksiyalarla heç bir əlaqəsi olmadığını,  lakin hakimiyyətin xalqa artıq güzəştə getdiyi  yanvarın 3-4-də  onları aksiyanı genişləndirməyə çağırdığını da vurğulayıb.

İddialara görə,  məhz Ablyazovun çıxışlarından sonra mitinqlər kütləvi iğtişaşlara, insan tələfatına və talanlara çevrilib.

Xatırladaq ki, bir müddət öncə, “Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstandakı müxalifətin və etiraz aksiyalarının lideri adlandırmışdı.

Bankir qeyd edirdi ki,  Almatı şəhərindəki etirazçılar hər gün ondan necə hərəkət edəcəklərini soruşurlar.

Ablyazov Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazır olduğunu, lakin bir şərtlə ki, etiraz aksiyası yetərli səviyyəyə çatsın. O, həmçinin vurğulayıb ki, aksiyaların koordinasiyası üçün Qərbdən pul vəsaitləri almayıb.

Qazaxıstanda məhkəmə Ablyazovu cinayətkar birlik yaratmaqda və BTA Bankın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötüb. Onun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı respublikada ekstremist təşkilat kimi tanınıb. Bundan əlavə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Rusiya DİN yanında İstintaq Komitəsi 2010-cu ildə Muxtar Ablyazovu qiyabi olaraq 4,5 milyard dollar kredit verməklə dələduzluq etməkdə ittiham edib. 2011-ci ildə isə Qazaxıstanın Baş Prokurorluğu biznesmenin ekstradisiyası ilə bağlı sorğu göndərib, lakin Ablyazov siyasi sığınacaq alıb.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər.

Bir neçə gün öncə KTMT-nin baş katibi Zas,  KTMT qüvvələrinin Qazaxıstanda əməliyyatı uğurla başa çatdırdığını və yanvarın 19-dək hamısının öz dislokasiya yerlərinə geri qayıtması barədə əmr verildiyini açıqlayıb.

 

JASMIN