Nəsir Əhmədli - 80

...Ömrün uşaqlığını, yeniyetməliyini, gəncliyini içində barındıran insan vücudu hətta yorulub heydən düşdüyü 82 yaşında da qocalığı boynuna almır, almaq istəmir. Amma istəyib istəmədiyindən asılı olmayaraq günün birində ayaqlarına qoşulub yaddaşın da səkkiz yazmağa başladığında bilirsən ki, qocalıq deyilən nədirsə ömür qapını döyən, yaşına və yaddaşına badalaq vuran da odur.

Bu bozbulanıq duyğular təkərə ilişən daş kimi nədən cümləllərimə əngəl olmğa çalışır?

Hardasa 60 illik dostum Nəsir Əmədlinin 80 illik yubileyi ilə bağlı Bakı Dövlət Universtetinin Jurnalistika fakültəsində keçiriləcək elmi konfransa sözümə baxmayan ayaqlarımın ucbatından qatıla bilmədim. Halbuki o konfransda elə iştirak etmək istəyirdim ki?!

Altmış il demək dilə asan gəlir. Bu altmış ildə mən Nəsir dostumu sözü bütöv, özü bütöv adam kimi tanıdım.Ömrü boyu əyilmədən, yalnız öz iç səsinə inanıb dəyişmədən yaşamaq hər babayiğidin işi deyil. Təsadüfi qəhramanlar çox olur,amma əsl qəhramanlıq həyat yollarında ömürün yüz sınağından keçdikdən sonra qazanılır. Örnək göstəriləsi kişi kimi yaşamaq və bunu həyat tərzinə çevirmək hər insan oğluna nəsib olmur. Halal yaşamaq üçün yalnız yuxusuna haram qatan Nəsir müəllim belə yaşadığından, yaşaya bildiyindən nəfsini siqarət kötüyü kimi ayaqlarının altına almağı da bacarır. Olduğun kimi görünmək, göründüyü kimi olmaq onun həyat fəlsəfəsidir. Və o, o bəxtiyrlardandır ki, arxasınca qarasına da, üzünə də eyni sözü deyə bilərsən. Bir jurnalist, alim,şair və publisist kimi də böyük yetənək sahibidir.

Nəsir müəllimin 80 yaşını tamam olur.Və... beləcə Türk dünyasının böyük şairi Oljas Süleymenov demişkən artıq o da bizim səksənlər klubunun fəxri üzvüləri arasında yerini alır.Səksənlər cərgəsinə xoş gəldin, qədim dost!

Allahım sənə arzuladığın qədər ömür versin. Və... icazənlə özündən razı şairlərin belə imrənəcəyi bir şerini paylaşım.

Ayrılıq - bir su içimi,

Yoxluğun didir içimi.

Susuz qalmış ağac kimi

Quruyuram yavaş-yavaş.

Günlər keçir zəncir kimi,

Əzilirəm əncir kimi.

Qınsız qalmış xəncər kimi

Çürüyürəm yavaş-yavaş.

Dayanmışdın divar kimi,

Başım üstə çinar kimi.

Kölgəsiz qalmış qar kimi

Əriyirəm yavaş-yavaş.

Saçlarımdan qış asılıb,

Kirpiyimdən yaş asılıb,

Ayağımdan daş asılıb,

Sürüyürəm yavaş-yavaş.

Yaşamağa dözüm yoxdur,

Sənsiz görən gözüm yoxdur,

Söyləməyə sözüm yoxdur,

Kiriyirəm yavaş-yavaş.

Dünənimi dumanlara,

Bu günümü dərmanlara,

Sabahımı gümanlara

Bürüyürəm yavaş-yavaş.

Atıb toy-büsat eşqini,

Tutmuşam Sirat eşqini,

Canımdan həyat eşqini

Kürüyürəm yavaş-yavaş.

Sahmana sal oraları,

Tərk edirəm dostu, yarı,

Üz tutmuşam sana sarı,

Yeriyirəm yavaş-yavaş...

Məmməd İSMAYIL 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA