"Türkmənçay və Ədirnə müqavilələrindən sonra Azərbaycan torpaqlarına yüz minlərlə ermənilərin köçürülməsi prosesi başlandı. 1988-1989-cu illərdəki deportasiya siyasəti SSRİ dağıldıqdan sonra, indiki Ermənistanda daha qəddar şəkildə, vəhşicəsinə davam etdirilib. Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi və mədəniyyət abidələri məhv edilib".

Bu fikriləri Milli Məclisin deputatı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimat mərasimində söyləyib.

Ə.Ələkbərli qeyd edib ki, Ermənistanda azərbaycanlılara məxsus tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib: "Bu, Ermənistanda vandalizmin, yerli xalq olan azərbaycanlıların irsinə vəhşi münasibətin göstəricilərindən biri olsa da, mədəni dünya bu vəhşiliyə daim göz yumub. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40,928 ailə) 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb".

E.ŞİRİNOV