Korrupsiya ABŞ-ın Ermənistana sərmayə qoymasına maneə olaraq qalır.

Bu barədə ABŞ Dövlət Departamentinin 2022-ci il üçün Ermənistanda investisiya mühiti ilə bağlı bəyanatında bildirilib.

“Korrupsiya ABŞ-ın Ermənistana, xüsusən də ədliyyə sistemi və qanunun aliliyi, qüvvədə olan qanun və qaydalara əməl olunması və bərabər rəftar kimi kritik sahələrə sərmayə qoymasına əngəl olaraq qalır”, - bəyanatda deyilir. 

Sənədə əsasən, investorlar səhiyyə, təhsil, hərbi, islah müəssisələri və hüquq-mühafizə orqanlarında satınalmalarda şəffaflığın çatışmazlıqlarını qeyd edirlər. “Əvvəllər onlar rüşvət almaq üçün seçmə icra üsullarından istifadə ediblər”, - ABŞ Dövlət Departamenti bildirib.

Bəyanatda deyilir ki, mülki işlər üzrə ixtisaslaşmış erməni hakimləri cəmiyyət tərəfindən korrupsioner və əvvəlki hakimiyyətin təsiri altında olan kimi qəbul olunmaqda davam edirlər.

Bildirilib ki, yeni yaradılmış antikorrupsiya institutlarının effektivliyi və müstəqilliyi hələ sınaqdan keçirilməlidir.

Vurğulanıb ki, bəzi insanlar məhkəmə hakimiyyətinin müəyyən nümayəndələrinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin obyektiv seçilib-seçilməməsindən narahat olduqlarını bildiriblər.

 “Bu antikorrupsiya institutlarına, o cümlədən hüquq-mühafizə və prokurorluq orqanlarına siyasi motivli xarici təsir imkanları da problem olaraq qalır”, - Dövlət Departamenti qeyd edib.

Qeyd edək ki, Ermənistanda cari ilin birinci rübündə xarici investisiyalar 65% və ya 49,9 milyard dram (1.000 dram=3,9 manat) azalıb. Ötən illə müqayisədə Avropa Yenidənqurma və İnkişaf Bankının sərmayələri 33,9 milyard dram, Almaniyanın sərmayələri 22,18 milyard dram, Hollandiyann sərmayələri 16,2 milyard dram, İtaliyanın sərmayələri 3,48 milyard dram, Kanadanın sərmayələri 2,56 milyard dram, Yaponiyanın sərmayələri isə 1,85 milyard dram azalıb.

Tütün sənayesinə investisiyalarda 2,48 milyard dram, telekommunikasiya sahəsinə invastisiyalarda isə 3,55 milyard dram azalma qeydə alınıb.

 

JASMİN