"Gürcüstan dövlətini və xalqını müxtəlif formalarda hərbi münaqişəyə cəlb etmək cəhdləri hələ də davam etməkdədir.

Sadə dillə desək, bu, təəssüf doğurur".

TEZADLAR.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki,  bu sözləri Gürcüstanın Baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib. O bildirib ki, Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək: “Cavab sadədir. Gürcüstan hakimiyyəti dövlətin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada iştirak edən tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Gürcüstan adlı ölkənin əsas ümumi xətti və mövqeyi ondan ibarətdir ki, biz müharibədə olmaq istəmirik. Üstəlik, bildiyimə görə, biz aldığımız silahların transferindən danışırıq”, - deyə nazir vurğulayıb. Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.

Qeyd edək ki, Ukraynanın Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak Gürcüstan xalqının hazırkı hökuməti seçməklə böyük səhv etdiyini və hökumətin enerji məsələlərinin həllini Rusiyadan gözlədiyini demişdir.