Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanı Azərbaycan ərazisində Xankəndi-Laçın yolunda baş verən hadisələrlə bağlı məlumatlandırıb.

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini dedi. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib. Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

***

Tezadlar.az xatırladır ki, ötən ay Litva Seymi Azərbaycanın Qarabağda qayda-qanunu bərpa etmək üçün həyata keçirdiyi bəzi tədbirləri tənqid edən və ermənilərin guya hüquqlarının pozulmasına əsas verən qətnamə qəbul etmişdi. Azərbaycan XİN isə bu qərara bəyanat və izahlarla mövqe bildirmişdi.

"Təzadlar"ın baş redaktoru Asif Mərzili isə Bakıda ADA Universitetində təlimdə iştirak edən beynəlxalq dərəcəli media biznesi üzrə litvalı ekspert Ornela Ramasauskaite-yə Litva Seyminin bu addımı ilə bağlı suallar ünvanlamışdır. Xanım ekspert TezadlarTV-yə müsahibəsində də bu məsələni ölkəsinə qayıdandan sonra Seymin rəhbərliyinə məlumat verəcəyini bildirmişdi.

BİZİM ARAYIŞ: Ornela xanım Ramasauskaite beynəlxalq səviyyəli ekspertdir. O, innovativ töhfələrinə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri təyin edilib. Xanım eləcə də Şərqi Avropa, Asiya və ABŞ-da fəaliyyət göstərən Norveç təsisçiliyinin bir hissəsi kimi Baltik ölkələri üzrə Marketinq və Koommunikasiya şöbəsinin rəhbəridir. Ornela xanım Litva Nazirlər Kabineti Aparatının Strateji Şurasının üzvü, Baş nazirin mədəniyyət üzrə ictimai müşaviri, Avropada Mədəniyyət Siyasəti və Trendlərin Toplusu üzrə ekspert, Avropa Şurasının birgə müəssisəsinin və Mədəniyyət Şurasının ekspertidir. O, bir çox xarici ölkələrdə ekspert kimi çıxışlar edib.

İnanırıq ki, Litva Seymi tezliklə öz əsassız qərarına düzəliş edəcək.

A.Məmmədli