booked.netbooked.net booked.net  

Bu gün səhər saat 6:40 radələrində Bakının Aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində saman daşıyan 19 yaşlı sürücü Mahmud Əzizov

idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində ölmüş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya düşmüşdür... Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, sürücü məhkəmə qərarı ilə həbs edilib...

 Sürücülük hüququ olmadan yük maşınını idarə edən sürücü niyə Yol polisinin gözündən yayınıb?

 ...5 nəfərin ölümü, 21 nəfərin xəsarətı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ölkədə böyük rezonans doğurub, elektron və sosial mediada baş verən hadisə barədə geniş müzakirələr aparılır, ictimai rəy meydan sulayır. Narahatlıq doğuran budur ki, rəsmilər ağır nəticələri olan bu qəzaya da məsuliyyətsizliyin səbəb olduğunu, guya yük avtomobilini idarə edən 19 yaşlı sürücünün yuxulaması nəticəsində sərnişin avtobusuna çırpıldığını bildirirlər. Və cavabı istənilən suallardan biri isə budur ki, bəs hər addımda qarşımıza çıxan yol polisi hara baxır, belə sürücüləri görmürmü? O gənc sürücü harada və gündə neçə saat işləyir ki, maşında yatır, bu boyda faciəyə səbəb olur? Niyə nəzarət mexanizmi yoxdur?

(5 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına baiskar "KamAZ" sürücüsü)

Bəs Bakıya saman daşıyan yük avtomobilləri hansı nəzarətdən keçir?

 Yəqinki Bakıya rayonlardan yonca, saman və ya ot bağlamaları ilə dolu əcaib yük maşınlarına magistral yollarda çox rast gəlmisiniz. Belə sürücülərdən birinin sosial şəbəkədəki mesajı isə çox düşündürücüdür: “...Niyə polislər indi bəhanələr axtarır, günahı sürücünün yatmasında axtarırlar? Mən Goranboydan bir neçə dəfə Bakıya ot “presi” daşımışam. Şəhərə daxil olanadək Yevlaxda, Kürdəmirdə, Nəvaidə və Qaradağda olan “QAİ” postundan keçmişəm, hərəsinə 5-10 manatdan paylaya-paylaya gəlmişəm. Bunun qarşısını almalıdırlar... Daş, qum aparıb-gətirən “KamAZ” sürücülərini necə soyurlar, bilmirsiniz? Qaradağ postunda reyd keçirən olsa, görər ki, Bakıdan daş aparan, Bakıya isə Mingəçevirdən, İmişlidən, Bərdədən... qum, çınqıl daşıyan  sürücülər posta yaxınlaşanda, əgər “QAİ”yə pul verməsə, o postdan keçə bilməz. Hamı da yollarda tökülən bu pulların əvəzini çıxmaq üçün artıq yük vurur, kimsə də bir söz demir. Qaradağ postunun yüz metrliyində yükləri guya ölçən ikinci bir post var. Reyd keçirilsin, hər gün həmin yoldan bəlkə də minə yaxın yük maşını keçir, görün kimin yükü tərəzidə çəkilir? Əvvəllər olardı, indi yoxdur. Hamı pulunu verib gedir. Nəticədə yollar dağılıb xarab olur. Ələti keçəndən sonra ta Hacıqabula kimi yolun hər iki tərəfi batıqdır, “qarmoşqa”dır, çalalardır. Hamısı da həmin yük maşınlarının hesabınadır. Qaradağ postundan hər gün minə yaxın daş, qum, saman... aparıb-gətirən yük maşınlarının sürücüləri posta çatanda maşını saxlayır, sürücü düşüb yoldan keçənlərin gözü qarşısında, saymazyana və təhqiramiz formada DYP inspektoru ilə "salamlaşıb" əl tutub dərhal geri qayıdır... Nədir, “QAİ” postu salam-əleykümxanadır??? Bu biabırçılıqdır, ictimaiyyəti təhqir etməkdir, Prezidentin "Korrupsiyalaşmaya son!" qərarına və çağırışına meydan oxumaqdır... Bunun qarşısı niyə alınmır? Aidiyyəti qurumlar niyə susur? Xəbərləri yoxdur? Hər ay bu postda yalan olmasın, yüz min manatlarla pul toplanır. Bunu bilmək üçün yalnız kar və kor olmaq yetər”.

 

 Daldan atılan daş, yaxud toydan sonra nağara... ənənəsi!

 Bu gün baş verən dəhşətli avtoqəzadan sonra rəsmilərin gülməli açıqlaması meydana çıxdı: “Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları birgə tədbirlərə başlayıb. DYP-dən APA-ya verilən məlumata görə, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək”.

Gülməli deyil? Tədbirlər görüləcək? Deməli, rəsmilər özləri etiraf edirlər ki, indiyədək qanunsuz yükdaşımalara qarşı heç bir mübarizə olmayıb, sadəcə, göz yumulub... Və nəticədə də bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yük avtomobilinin sürücüsü, Qobustan sakini, 12.04.2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu qəza ilə əlaqədar şübhəli şəxs qismində tutulub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmiləri isə yük avtomobilinin sürücüsünün heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyini açıqlayıb.

***

Əla, çox əcəb! Günahkar və baiskar səbəb tapıldı: qanunsuz fəaliyyət! Bəs Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi və ya məsul işçiləri indiyədək niyə bu avtomobilin qanunsuz fəaliyyətindən xəbərsiz olub??? Bax belə məsuliyyətsizliyin nəticəsidir ki, hər il yüzlərlə günahsız insan bəlli qəzaların qurbanı olur. Günahkar isə, 19 yaşlı o sürücü yox, onun qanunsuz fəaliyyətinə yaşıl işıq yandıran bu əmilərdir: DYP inspektorları və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçiləri! Sonuncuları isə bu cür qanunsuzluğa təhrik edən onların tamahıdır!

İnanırıq ki, Prezident İlham Əliyev bu gün baş verən qanlı olayla bağlı sərt tədbirlərin görülməsinə, belə hallara gətirən səbəblərin “müəlliflərinin” ciddi cəzalandırılmasına göstəriş verəcək... Ən nəhayət, sosial şəbəkələrdə də deyildiyi kimi, bu dəfə sürücülərə qaşı yox, Baş Dövlət Yol Polisinin stasionar postlarında baş verənlərə qarşı ciddi reydlərə başlanılacaq. Özü də DTX tərəfindən...

Zaur Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN