booked.netbooked.net booked.net  

«…Bakının dərdi var, Bakı xəstədir… "...

Yəqinki bu şeirin siyasi mənasının hansı illərə aid olduğunu hamı bilir. Amma indi Bakının başqa «dərdi» var. Bakı mərkəzdənqaçma ilə deyil, mərkəzə qaçma ilə tikilən göydələnlərin əsirinə çevrilib, artıq həlli mümkünsüz görünən tıxaclarla imtahana çəkilməkdədir. Və neçə ildir DİN-nin Dövlət Yol Polisi əməkdaşları, Bakı şəhər Meriyası və Bakı Nəqliyyat Ağentliyi bu cansıxıcı vəziyyətdən çıxış yolunu axtarır, amma hələki optimal yol tapılmır. Amma əsas odur ki, problemin kökü bəllidir: Bakı acgöz MTK rəhbərlərinin tamah dişinə yağlı tikə kimidir, harda boş yer var, tikilir, harda köhnə illərə aid 1-2-3-4-5 mərtəbəli binalar var, pilot layihə adı altında söküb yerində 23-30 mərtəbəli binalar ucaldılır. Elə indinin özündə belə Bakının mərkəzində 20-25 mərtəbəli binalar tikilir. Halbuki Prezident İlham Əliyev neçə il əvvəl ciddi şəkildə xəbərdarlıq etmişdi ki, paytaxtın mərkəzində göydələnlərin tikintisi qəti qadağandır. Amma…

***

…Bu gün Bakının mərkəzində- Neftçilər Xəstəxanasının arxasında böyük bir ərazinin hasarlanıb göydələn altına verilməsinin şahidi oldum. Vaxtilə Vaqon Təmiri zavodu yerləşirdi, məncə. Və həmin hasarlanmış ərazidən şəhərin mərkəzi istiqamətinə gedəndə (Səməd Vurğun bağına tərəf) yolun solunda isə artıq böyük bir kompleks tikilir, 6-cı mərtəbəsi ucaldılıb (fotoşəkillərdə əks olunub). Bir azdan həmin ərazidə nələr baş verəcək, tıxaca düşənlər yaxşı bilər…

 Bakı içindən sıxılır, sancı çəkən adama oxşayır…

 Nəsimi, Səbail, Yasamal, Nərimanov… rayonlarındakı vəziyyət də eynidir, sökhasök, tikhatik! Noolub, nə qaçhaqaçdır??? Axı sabah bu göydələnlərdən çıxan avtomobillər həmin küçələrə sığışası deyil, Bakını nə qədər içindən sıxmaq olar? Neftçilər Xəstəxanasından mərkəzə doğru uzanan Mehdi Mehdizadə küçəsindəki bu vurhavurun səsi sabah çıxacaq. Belə davam edərsə, Bakı yaşamaq üçün ən əlverişsiz şəhər kimi tarixə düşəcək.

Tıxaclardan isə canımız boğazımıza yığılıb. Hər gün saatlarla tıxaclarda həm qızıl kimi vaxtımız itir, həm də «qara qızıl» kimi benzinimiz yanıb havaya sovrulur…

 Bakını tıxaclardan xilas yolu isə…

 İstər elektron KİV-də, istərsə də sosial mediada tıxacların törətdiyi bir bəla isə müzakirə mövzusudur. Belə ki, Bakı Nəqliyyat Agentliyi  əməkdaşlarının paytaxt küçələrində parklamaları nizamlamaq, tıxacların qarşısını almaq məqsədilə tətbiq etdiyi cərimə sanksiyaları hamını narahat edir. Bəli, evdən çıxan sürücü-sərnişin hardasa avtomobili saxlayıb aptekə, dükana, hansısa xidmət obyektinə girə bilmir. Çünki «Dayanma-durma qadağandır» nişanları Bakının bütün əsas küçələrinin bəzəyidir.

 Aydındır ki, yollarda saxlanılan avtomobillər tıxaclara səbəb olur, digər hərəkət iştirakçılarına maneədir… Lakin həm də sual olunur: bu binəva sərnişin-sürücü yol kənarlarında olan aptekə, banka, dükana… girməməlidirmi? Bəs bunları niyə küçə tinində tikiblər??? Hara gedirsən, maşın saxlamaq ya qadağandır, ya da yer yoxdur. Səbəbi yuxarıda dedim, həllini isə hələ də tapan yoxdur…

 Bakı Nəqliyyat Agentliyinin qadağaları və…

 İndi əsas yük Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Agentlik əməkdaşlarının hələki görməli olduğu gözədəyən işi həm də qanunsuz parklama edən sürücüləri cərimələməkdir. Belə olanda isə, içi mən qarışıq, sürücülərin narazılığı başlayır və səsi sosial şəbəkələrdən, elektron mediadan gəlir.

***

 Ötən gün BNA müfəttişlərinin bəzən yeri gəldi-gəlmədi sürücülərə cərimə yazması, eləcə də "Azərbaycan" nəşriyyatının qarşısındakı (əks yolda) küçədə avtomobil saxlayan jurnalistlərə cərimələr yüklənməsi və s. ilə bağlı statusuma qurumun Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev tərəfindən reaksiya oldu. M.Ağayev Xətai rayonundan misal çəkdiyim Sabit Orucov küçəsindəki vəziyyəti yerində birlikdə araşdırmaq barədə belə qərar verdi ki, bu gün (yanvarın 25-də) səhər saat 09:30-da orada görüşək... Və minnətdaram ki, deyilən vaxtda BNA müfəttişləri və özü ilə deyilən ünvanda görüşdük, bir sıra suallara, o cümlədən "Azərbaycan" nəşriyyatının qarşısındakı küçədə olan vəziyyətə aydınlıq gətirdik... Hər ikimizin yetərincə haqlı olduğu məsələlər var. Olduqca maraqlı görüş oldu və maraqlı da məsləhətləşmələrimiz ortadadır. Bunları ümumiləşdirib onu deyə bilərəm ki, tapdığımız ortaq məxrəc ümumi işimizin xeyrinədir. Mən Mais Ağayevə adı çəkilən S.Orucov küçəsində yerləşən apteklərin, «Bravo»nun, digər çoxsaylı xidmət və iaşə obyektlərinin, məktəb və bağçanın və s. yerləşdiyi ərazinin bir çox yerlərinə, bəzən aptekin qarşısına «Dayanma-durma qadağandır» nişanının qoyulmasını nümunə kimi göstərdim və əlavə etdim: «…Tutaq ki, avtomobilimdə ağır xəstə var, şok keçirib, onu xilas etməliyəm. Bunun üçün avtomobili saxlayıb aptekə girirəm, geri qayıdanda mənə cərimə yazıldığının şahidi oluram. Sual olunur: mən bir insanın həyatını xilas edirəm, buna görə isə mənə cərimə yazılır???». Təbii ki, qarşı tərəfin mövqeyi belədir ki, qanun belə tələb edir…  Bəli, qanun belə tələb edir. Amma həm də qanun tələb edir ki, icra başçısı rüşvət alıb həbsxanaya düşməsin, nazir korrupsiya ilə məşğul olmasın, bələdiyyə sədri qanunsuz torpaq satışına girişməsin və s. Belə çıxır ki, ya həmin iaşə və xidmət obyektləri küçələrdən yığışdırılmalıdır, başqa yerə köçürülməlidir, ya da…

«Ya…»nın sonuna üç nöqtəni elə-belə yazmadım. Bu üç nöqtənin açmasını təbii ki, Bakının mərkəzini göydələnlərlə işğal edən, sakinləri və sürücüləri nəfəskəsən, əsəblərini tarıma çəkən tıxaclarla yükləyən MTK rəhbərlərinə köhnə tarixə sərəncam və ya icazə verən iri məmurlarımız tapmalıdır.

 Mais Ağayevlə mən jurnalistin tapdığı isə bu informasiya mübahisələrindəki ortaq məxrəc idi ki, indiki vəziyyətdə sürücüləri və sərnişinləri, sonda isə jurnalistləri anlamaq, yola vermək, mümkün qədər incitməmək lazımdır. Onsuz da inciməli və həllini arzuladığımız o qədər dərd-sərimiz var ki!

***

O ki qaldı «Azərbaycan» nəşriyyatının qarşısında avtomobil saxlayan jurnalistlərin cərimələnməsinə, Mais müəllimlə söhbətimizdə mövqeyim belə oldu: «…Əgər hansısa jurnalist avtobus dayanacağının məhz içərisində avtomobil saxlasa, onun cərimələnməsini mən sizdən xahiş edəcəm… Amma dayanacaqdan kənarda, avtobuslara mane olmamaq şərtilə müvəqqəti avtomobil saxlayan jurnalistlərə mümkün güzəşt edilsin. Çünki bura hələki dəyişməz iş yerimizdir. Kim istəyər ki, başqa hərəkət iştirakçısına mane olsun…».

 Və sonda: inanıram ki, qeyd olunan problemlər onları həll etməli məmurlarımızın diqqətində olacaq və Bakını tıxaclardan ən azı gələcəyimiz naminə xilas etməliyik! Çünki Bakı tıxac adı gələndə bikeflənir, kədərlənir, inciyir, gələcəyinə o mənada nikbin baxa bilmir…

Asif MƏRZİLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN