"Rusiyanın məqsədi, təkcə Donbass deyil, təkcə Ukrayna deyil”

Cümə axşamı Avropa İttifaqının liderləri Rusiya Federasiyasına qarşı sanksiyaları təsdiqləmək üçün fövqəladə sammitə toplaşacaqlar.

“European Pravda” xəbər verir ki, bu barədə Brüsseldə Ursula Fon der Lyayen danışıb.

Onun sözlərinə görə, Avropa İttifaqı anlayır ki, söhbət, təkcə Rusiya-Ukrayna müharibəsindən deyil, daha genişmiqyaslı təcavüzdən gedir.

"Rusiyanın məqsədi, təkcə Donbass deyil, təkcə Ukrayna deyil. Rusiya Avropada sabitliyə və bütün dünya beynəlxalq nizamına zərbə vurur. Ona görə də biz bu gün genişmiqyaslı sanksiyaları Aİ dövlətlərinin liderlərinin təsdiqinə təqdim edəcəyik", - deyə Ursula Fon der Lyayen açıqlayıb.

O, qeyd edib ki, sanksiyaların bəziləri Aİ-nin əvvəllər qəbul etdiyi tədbirlərə bənzəyir, lakin indi Rusiya iqtisadiyyatının böyük bir hissəsini əhatə edəcək.

"Bu sanksiyalarla biz Rusiya iqtisadiyyatının strateji sektorlarını vuracağıq, Rusiya üçün əsas olan texnologiyalara və bazarlara çıxışı əngəlləyəcəyik. Biz Rusiya iqtisadiyyatının təməlini və onun modernləşmə qabiliyyətini zəiflədəcəyik", - o, vurğulayıb.

Fon der Lyayenin sözlərindən belə nəticə çıxır ki, Aİ Rusiyanın xaricdəki dövlət aktivlərini mərkəzləşdirilmiş şəkildə bloklamaq niyyətindədir.

“Bundan əlavə, biz Rusiyanın Aİ-dəki aktivlərini donduracağıq və Rusiya banklarının maliyyə bazarlarına çıxışını dayandıracağıq”, - deyib. Lakin xanım Lyayen söhbətin suveren aktivlərdən və ya dövlət müəssisələrindən getdiyini açıqlamayıb.

AK prezidenti vurğulayıb ki, bu,  Aİ-nin ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Avstraliya və digərləri tərəfindən razılaşdırılmış qərarı olacaq.

"Biz bilirik ki, milyonlarla rusiyalı müharibə istəmir. Lakin Putin Rusiya xalqının gələcəyini riskə atır", - bildirib.

Xanım Fon der Lyayenin sözlərinə görə, Aİ Rusiyanın təcavüzünə qarşı müqavimət göstərmək üçün (maliyyə də daxil olmaqla) Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər (Moskva vaxtı ilə 6 radələrində) rusiyalılara müraciətində Donbassda xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Və artıq şiddətli döyüşlər gedir...

Y.MƏMMƏDLİ