Kuleba NATO-nun qərarsızlığından məyusluğunu bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, NATO son günlər Ukraynada imicini xeyli itirib.

 O, bu barədə1+1 telekanalının efirindən bəyan edib.

 Kuleba NATO nazirlərinin toplantısındakı çıxışında birbaşa qeyd edib ki, müharibədən əvvəl Ukrayna xalqı hesab edirdi ki, NATO - gücdür, Aİ-nin isə əksinə, zəif və qərarsız olduğunu düşünürdü.

“Lakin müharibə başlayandan sonra xalq bunun əksini gördü. Avropa İttifaqının xarakteri var, gücü var, görünməmiş sanksiyalar tətbiq etdi, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün fond yaratdı, bizə namizəd statusu və üzvlük perspektivləri verdi,  NATO isə heç nəyə qərar verə bilməz”, - deyə nazir məyusluğunu dilə gətirib.

Nazirin sözlərinə görə, Alyans təcavüzə müqavimət göstərmək üçün heç bir qərar qəbul edə bilməyib və “hər şeyi ikitərəfli münasibətlər səviyyəsinə verib”.

"Bu, zəiflikdir və təəssüf ki, Alyans gələcəkdə bunun əvəzini ödəyəcək. İndi isə ukraynalılar bundan əziyyət çəkirlər", -deyə vurğulayıb.

 Qeyd edək ki, “European Pravda”nın məlumatına görə, NATO Ukrayna üzərində uçuşlara qadağa zonası yaratmağa razılıq vermir.

Eyni zamanda, Alyansın baş katibi cəbhədə vəziyyətin daha da kəskinləşəcəyini gözlədiklərini,  növbəti günlərdə Rusiya Federasiyasının hərəkətlərinə görə daha da çətin olacağını etiraf edib.

Xatırladaq ki, bir neçə ay öncə Rusiya  Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edirdi.

Lakin cavabında bildirildi ki, NATO genişlənməməyə zəmanət verə bilməz, lakin Şərqi Avropanın yeni ölkələrinin alyansa daxil olması məsələsi də gündəmdə deyil.

Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə isə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

 İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

...Hazırda Ukraynada ağır döyüşlər gedir. Rusiya qoşunları Kiyevin 25 kilometrliyindədir. Ölkədə şəhərlər, qəsəbələr dağıdılır, yüz minlərlə insan ev-eşiyindən didərgin düşərək, qonşu ölkələrə köç edir.

NATO-dan konkret dəstək gözləyən Ukrayna çıxılmaz vəziyyətdədir...

Y.MƏMMƏDLİ