Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Zelenski qeyd edib ki, “Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək. "Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib. Zelenski onu da bildirib ki, Rusiya (danışıqlar üçün-red) “bütün körpüləri” dağıtsa da, “bütün körpülərin dağıdılmadığını” hesab edir. "Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.

 Rusiya isə işğalı davam etdirməklə Ukraynanı iradəsinə tabe etdirmək niyyətindən əl çəkmək fikrində deyil. Bunu bütün bölgələrin raket atəşinə tutulması da təsdiqləyir. 

A.Məmmədli