Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı

qaldırdığı mövzular arasında Qarabağ, insan hüquqları və energetika olub, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. “Dövlət katibi və prezident Əliyev son vaxtlar Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində müsbət dinamikanı və gələcək konkret addımları, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya yollarının açılması, saxlanılan digər ermənilərin azad olunmasını müzakirə ediblər”,- Dövlət Departamentinin bəyanatında deyilir.
Sənədə görə, dövlət katibi insan hüquqları və əsas azadlıqlara ciddi riayət olunmasının vacibliyini də vurğulayıb.
Söhbətin məzmununu Turan-ın müxbirinə şərh edən Ned Prays ABŞ-ın həmin məsələləri bu yaxınlarda Vaşinqtonda Ermənistanın xarici işlər nazirilə keçirdiyi görüşlərdə də müzakirə etdiyini təsdiqləyib: sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılması, saxlanılan digər ermənilərin azad edilməsi.
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiyanın rolu və yeri barədə sualın cavabında Prays deyib ki, uzunmüddətli, hərtərəfli sülhə nail olunması təkcə ABŞ-ın yox, həm də ATƏT-in Minsk Qrupunun üzvü olan Moskvanın da marağındadır.