“SƏS” Media Qrupunun təşəbbüsü  ilə  ümummilli lider  Heydər Əliyevin 100 illik yubileyinə  və  Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan  KİV  komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turniri keçiriləcək.

Təşkilat Komitəsindən "Təzadlar"a bildirilib ki, turnir  mayın 13-də start götürəcək və 13 iyunda keçiriləcək final oyunu ilə başa çatacaq. Turnirin püşkatma mərasimi mayin 10-da - ulu öndər Heydər Əliyevin doğum günündə, mükafatların təqdim edilmə mərasimi isə iyunun 15-də-Milli Qurtuluş Günündə  “SƏS” Media Qrupunun redaksiyasında  keçiriləcək. Qrup oyunlar, eləcə də 1/4 , 1/2  mərhələ, eləcə də final oyunları  həftənin şənbə və bazar günlərində təşkil olunacaq. 

16 KİV komandası 4 yarımqrupda  bir dövrədən ibarət olan dairəvi sistem üzrə yarışacaq.  Yarımqruplarda ilk iki yeri tutan komandalar turnirin təqviminə uyğun olaraq  ikinci mərhələdə yarışları davam etdirirlər. Yarışlarda  I, II və  III yeri tutmuş komandalara xatirə hədiyyələri  tədqim ediləcək. Bundan əlavə turnirin  ən  yaxşı oyunçusu,  qapıçısı,  müdafiəçisi,  ən sərrast oyunçusu və  ən intizamlı komandasına  xüsusi hədiyyələr təqdim ediləcək.

 Turnirdə iştirak etmək istəyən komandalar həkim müayinəsindən keçən, fiziki cəhətdən sağlam olan 10 iştirakçı, 1 məşqçi və 1 nümayəndədən ibarət siyahını  püşkatma gününədək Təşkilat Komitəsinə təqdim etməlidir.

Adları siyahıda yer almayanlar  oyunlara buraxılmayacaqlar. Turnirdə iştirak etmək istəyən komandalar  “SƏS” Media Qrupu redaksiyası ilə əlaqə saxlaya bilərlər.

*** 

Eləcə də komandaların püşkatması mayın 10-da, saat 15:00-da "SƏS" Media Qrupunun redaksiyasında keçiriləcək. "Təzadlar"ın komandası da püşkatmada iştirak edəcək. 

Komandalara uğurlar diləyirik!

JASMİN